2025-ci ilin 24 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində Anım Gününə həsr olunmuş “Zəfər tarixi” mövzusunda dəyirmi masa keçirilib. MDU-nun professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
MDU-nun rektoru Anar Eminov giriş nitqi ilə çıxış edərək, Vətən uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsinin hər zaman ehtiramla anıldığını və onların göstərdiyi qəhrəmanlığın gənclər üçün böyük vətənpərvərlik məktəbi olduğunu vurğulayıb. O, qeyd edib ki, bu gün universitetdə tələbələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, onların vətənpərvərlik hisslərinin gücləndirilməsi prioritet istiqamətlərdən biridir. Dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı, onların təhsil alması, hərtərəfli inkişafı üçün yaradılan şərait bu istiqamətdə mühüm imkanlar açır.
Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib:
MDU-nun müəllimlərindən Günəş Şəfaqətov “Zəfərə gedən yolun başlanğıcı”, Saqib Məmmədov “27 sentyabr: Anım və qürurun birləşdiyi tarix”, tələbələrdən Əfqan Məmmədov “Son dərs – Vətən”, Banu Abdullayeva “Qəhrəmanların izi ilə azad Qarabağa” və Nəzrin Musayeva “Vətən naminə ucalan şəhidlik zirvəsi” adlı məruzələrlə çıxışlar ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan dəyirmi masa müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, universitetdə Vətən müharibəsinin 5 illiyi münasibətilə MDU-nun Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilir.