Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Dövlət və özəl sektorda hesabatlılıq” mövzusunda təlim keçirilib.
Təlimdə universitetin akademik heyəti, tələbə və magistrantları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təşkilatçılar müasir dövrdə dövlət və özəl sektorlarda şəffaflıq və hesabatlılıq prinsiplərinin əhəmiyyətindən bəhs edərək bu istiqamətdə bilik və bacarıqların artırılmasının vacibliyini vurğulayıblar.
Daha sonra İqtisadiyyat kafedrasının müəllimi Ülvi Seyidli mövzu üzrə təqdimatla çıxış edib. Təqdimatda dövlət və özəl sektorda hesabatlılıq anlayışı, maliyyə və idarəetmə mexanizmlərində şəffaflığın təmin olunması, beynəlxalq təcrübələr və bu sahədə tətbiq edilən müasir yanaşmalar haqqında ətraflı məlumat verilib. Eyni zamanda, hesabatlılığın iqtisadi inkişaf, effektiv idarəetmə və ictimai etimadın formalaşmasındakı rolu diqqətə çatdırılıb.
Təlim çərçivəsində iştirakçılarla interaktiv müzakirələr aparılıb, mövzu ilə bağlı suallar cavablandırılıb və praktiki yanaşmalar üzərində fikir mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla zənginləşdirilməsi, müasir iqtisadi çağırışlara uyğun kompetensiyaların formalaşdırılması istiqamətində mütəmadi olaraq müxtəlif təlim və seminarlar təşkil olunur.