MDU məzunları ilə görüş keçirilib

2023-cü il mayın 20-də Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinin müxtəlif illərdə təhsil almış 20-ə yaxın məzunu ilə görüş keçirilib.

Əvvəlcə, universitetin Vətən uğrunda canından keçmiş şəhid məzunları üçün hazırlanmış guşəyə baxış keçirilib və onların əziz xatirəsi yad edilib.

Sonra açıq havada çay süfrəsi arxasında səmimi formatda davam edən görüşdə MDU-nun rektoru Şahin Bayramov məzunları salamlayaraq onlarla bir araya gəlməkdən məmnunluğunu ifadə edib. Yeni dövrün universitetinə çevrilmə yolunda qarşıda duran strateji məqsədlər və hədəflərdən bəhs edən Ş.Bayramov universitetin modernləşməsində məzunlarla işin davamlı təkmilləşdirilməsinin önəmini və bu tipli görüşlərdən başlıca gözləntilərini diqqətə çatdırıb.

MDU-da müxtəlif illərdə təhsil almış çoxsaylı məzunların hazırda cəmiyyət həyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini vurğulayan rektor onlarla səmərəli kommunikasiyanın qurulmasının qarşılıqlı faydalılığından söhbət açıb. Universitetlərin nüfuzunun müəyyən edilməsində və təbliğində məzunların keyfiyyət göstəricilərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirən Ş.Bayramov MDU-da tələbə və məzunların hərtərəfli inkişafının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib və bu məqsədlə universitetdə yaradılan şəraitdən danışıb. Əmək bazarının tələblərinin dinamik dəyişdiyi bir dövrdə ömürboyu təhsilin vacibliyini vurğulayan rektor universitetin mövcud imkanlar daxilində məzunlarının davamlı inkişafına dəstək göstərməsinə hər zaman açıq olduğunu bəyan edib. Regionun hərtərəfli inkişafına töhfə verilməsinin MDU-da əsas məqsədlərdən biri kimi müəyyən edildiyini qeyd edən Ş.Bayramov bu missiyanın da uğurla həyata keçirilməsində məzunların potensialını yüksək dəyərləndirib  və bu istiqamətdə onları fəal əməkdaşlığa dəvət edib.

MDU ailəsinin üzvləri olaraq məzunların nailiyyətlərinin hər zaman universitet kollektivi tərəfindən böyük fəxrlə qarşılandığını vurğulayan rektor onların daima universiteti layiqli şəkildə təmsil edəcəklərinə əminliyini ifadə edib və uğurlar arzulayıb.

Sonra, görüş dialoq və müzakirə formatında davam edib. Müzakirələrdə MDU-da məzunlarla iş sahəsində formalaşan yeni ənənələrə münasibət bildirilib, universitet-məzun münasibətlərinin strateji inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, məzunların arzu və istəkləri dinlənilib.Səmimi formatda keçirilən görüşə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən məzunlar bu təşəbbüsü müsbət dəyərləndiriblər və məzunlarla işin effektivliyinin artırılmasına töhfə verən bu tipli görüşlərin davamlı olmasını arzulayıblar.Sonda məzunlarla xatirə şəkilləri çəkdirilib.