Mingəçevir Dövlət Universitetində İngilis dili Olimpiadası başa çatıb, qaliblər mükafatlandırılıb

2025-ci il aprelin 29-da Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf və keyfiyyətli təhsil prioritetlərinə uyğun olaraq təşkil olunan regionun ilk iri həcmli İngilis dili Olimpiadasının yekun mərasimi və qaliblərin mükafatlandırılması keçirilib. Universitetin akt zalında baş tutan tədbirdə MDU-nun rektoru Anar Eminov, universitet rəhbərliyi, müəllimlər, tələbələr, məktəblilər və valideynlər iştirak ediblər.
MDU-nun Ömürboyu Təhsil Məktəbinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Dil Mərkəzi və Kembric Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi olan ITAC-ın (International Training and Assessment Center) birgə təşkilatçılığı ilə keçirilən olimpiada Mingəçevir məktəbliləri və universitet tələbələri üçün beynəlxalq səviyyəli bilik yarışması kimi böyük maraqla qarşılanıb. Regionda bu formatda və miqyasda ilk dəfə təşkil olunan olimpiadada 100-dən çox məktəbli və tələbə iştirak edib.
Tədbirin açılış mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək universitetdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, məktəblilər, tələbələr və gənclər üçün rəqabətqabiliyyətli bilik mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. Rektor belə təşəbbüslərin region gənclərinin xarici dil bacarıqlarının inkişafına, onların beynəlxalq təhsil və karyera imkanlarına hazırlanmasına mühüm töhfə verdiyini vurğulayıb.
Daha sonra ITAC-ın direktoru Həsrət Şıxbabayev çıxış edərək Mingəçevir Dövlət Universiteti ilə qurulan əməkdaşlığın əhəmiyyətini qeyd edib, təşkil olunan olimpiadanın məktəblilər, tələbələr və digər iştirakçılar üçün biliklərini obyektiv şəkildə sınamaq, öz potensiallarını nümayiş etdirmək və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından önəm daşıdığını bildirib. O, regionlarda beynəlxalq standartlara uyğun qiymətləndirmə layihələrinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.
Olimpiadanın əsas məqsədi iştirakçıların ingilis dili üzrə bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsi, onların akademik inkişaf imkanlarının genişləndirilməsi və gənclərin qlobal təhsil mühitinə inteqrasiyasının dəstəklənməsi olub.
Yarışma “Starter”, “Mover”, “KET” və “PET” səviyyələri üzrə bir neçə mərhələdə təşkil edilib. İlk mərhələdə iştirakçıların dinləmə və yazı bacarıqları test formatında yoxlanılıb, növbəti mərhələdə isə danışıq qabiliyyətləri qiymətləndirilib. Çoxmərhələli qiymətləndirmə modeli iştirakçıların dil kompetensiyalarının kompleks şəkildə ölçülməsinə imkan yaradıb.
Mükafatlandırma mərasimində çıxış edənlər belə təşəbbüslərin region gəncləri üçün beynəlxalq imkanlara çıxış baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, iştirakçıları əldə etdikləri nəticələr münasibətilə təbrik ediblər.
Daha sonra qaliblər elan olunaraq diplom, sertifikat və hədiyyələrlə təltif ediliblər. Nəticələrə əsasən, “Starter” səviyyəsi üzrə I yerin sahibləri Mərdan Məmmədova və Ülkər Abdullayeva, “Mover” səviyyəsi üzrə I yerin sahibləri Emil Alışov və Nuray Şirinova, “KET” səviyyəsi üzrə I yerin sahibi Yunis Əfəndi, “PET” səviyyəsi üzrə I yerin sahibi isə Ayan Əhmədzadə olub.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində gələcəkdə də beynəlxalq formatlı olimpiadaların, Kembric sınaq imtahanlarının və gənclərin inkişafına xidmət edən digər layihələrin davamlı şəkildə təşkili nəzərdə tutulur.