Mingəçevir Dövlət Universitetində beynəlxalq konfrans çərçivəsində inklüziv psixologiya mövzusunda panel iclası keçirilib

2026-cı ilin 25 aprel tarixində Mingəçevir Dövlət Universitetində keçirilən “Psixologiyada multidisiplinar elmi tədqiqatlar” beynəlxalq konfransı çərçivəsində “Psixologiyada inklüziv yanaşmalar: müxtəliflik, bərabərlik və psixoloji rifah” mövzusunda növbəti panel iclası təşkil olunub.

Panel iclası MDU-nun Psixologiya və pedaqogika kafedrasının müəllimi Aydın Kərimovun moderatorluğu ilə baş tutub. Müzakirələrdə inklüziv təhsil mühitinin formalaşdırılması, müxtəliflik və bərabərlik prinsiplərinin təmin olunması, eləcə də psixoloji rifahın qorunması məsələləri geniş şəkildə müzakirə olunub.

Panel çərçivəsində Aydın Kərimov “İnklüzivlik və rəqəmsal mühitdə özünüqiymətləndirmə”, Bakı Slavyan Universitetinin İnklüziv və adaptiv təhsil kafedrasının müdiri Arzu Məmmədova “Ali təhsildə inklüzivlik: bərabər imkanlar və dəstəkləyici təhsil mühiti”, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Nigar Əsgərova “Təhsil mühitində inklüziv psixoloji dəstəyin rolu” və Lamiyə Hüseynova “Neyroinkişaf fərqlilikləri və inklüziv təhsil” mövzularında məruzələrlə çıxış ediblər.

Çıxışlarda inklüziv yanaşmaların təhsil sistemində tətbiqi, fərqli öyrənmə ehtiyaclarına malik şəxslər üçün uyğun mühitin yaradılması, psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi və rəqəmsal mühitdə fərdlərin özünüqiymətləndirmə proseslərinə təsir edən amillər elmi əsaslarla izah olunub. Eyni zamanda, neyroinkişaf fərqlilikləri olan şəxslərin təhsil prosesinə inteqrasiyası və onların potensialının üzə çıxarılması istiqamətində müasir yanaşmalar diqqətə çatdırılıb.

Panel müzakirələri çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, mövzu ilə bağlı suallar cavablandırılıb. Müzakirələr inklüzivliyin yalnız təhsil sahəsində deyil, bütövlükdə cəmiyyətin dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bir daha ön plana çıxarıb.