Mingəçevir Dövlət Universitetində “İqlim Dəyişmələrinin Səbəbləri və Yaranan Nəticələr” mövzusunda dairəvi masa ətrafında debatı keçirildi

Mingəçevir Dövlət Universitetində “Climate Week” həftəsi çərçivəsində Təbiət Elmləri kafedrasının təşkilatçılığı ilə Ekologiya Mühəndisliyi ixtisaslarının tələbələri ilə birlikdə “İqlim Dəyişmələrinin Səbəbləri və Yaranan Nəticələr” mövzusunda dairəvi masa debatı keçirilib. Tədbir tələbələrə iqlim dəyişmələrinin səbəblərini dərindən öyrənmək, elmi diskussiya mühitində fikir mübadiləsi aparmaq və gələcəkdə iqlim böhranının qarşısının alınması ilə bağlı perspektivlər üzərində düşünmək imkanı yaratmışdır.

Debat zamanı iştirakçılar iqlim dəyişikliyinin əsas səbəblərini – sənayeləşmə, istixana qazlarının atmosferə atılması, meşə örtüyünün azalması və digər antropogen amilləri müzakirə ediblər. Həmçinin iqlim dəyişikliyinin aşkar nəticələri, o cümlədən qlobal istiləşmə, dəniz səviyyəsinin artması, ekstremal hava hadisələrinin intensivləşməsi, və gizli, uzunmüddətli təsirlər – torpaq eroziyası, biomüxtəlifliyin azalması və ekosistemlərin pozulması kimi məsələlər diqqət mərkəzində olub.

Debatın moderator-hakim qismində Təbiət Elmləri kafedrasının müəllimi Gülmirə Məmmədova çıxış etmiş, tələbələrə elmi əsaslarla fikir bildirmələri və müxtəlif perspektivləri nəzərdən keçirmələri üçün rəhbərlik etmişdir. Moderator həmçinin iqlim dəyişmələrinin qarşısının alınmasında fərdi və kollektiv tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Tədbir tələbələr üçün yalnız elmi biliklərini genişləndirmək deyil, həm də ictimai məsuliyyət hissi formalaşdırmaq, iqlim problemləri ilə bağlı praktiki həll yolları üzərində düşünmək və gələcəkdə iqlim sahəsində fəal mütəxəssis kimi yetişmək üçün unikal təcrübə olmuşdur. Debatın sonunda iştirakçılar gələcək təşəbbüslərdə birgə fəaliyyət göstərməyin vacibliyini vurğulamış və universitetdə iqlim mövzularının tədris və maarifləndirmə sahəsində davamlı təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparmışlar.