Mingəçevir Dövlət Universitetində “Kənd təsərrüfatı və enerji” mövzusunda təlim keçirilib

2025-ci ilin 25 noyabr tarixində Mingəçevir Dövlət Universitetində “Kənd təsərrüfatı və enerji” mövzusunda təlim keçirilib. Təlimin məqsədi kənd təsərrüfatı və enerji sahələri arasında inteqrasiyanın imkanlarını müzakirə etmək, innovativ yanaşmaları təqdim etmək, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparmaq və yeni təşəbbüslər üçün platforma yaratmaq olub.

Tədbiri giriş sözü ilə açan Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova kənd təsərrüfatı və enerji sektorlarının qarşılıqlı əlaqəsinin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, çıxışında bildirib ki, bu sahələr arasında əməkdaşlığın genişləndirilməsi innovativ texnologiyaların tətbiqinə, dayanıqlı inkişafın təmin olunmasına və yeni layihələrin həyata keçirilməsinə mühüm töhfə verə bilər. T.Yusibova vurğulayıb ki, tədbir çərçivəsində səsləndiriləcək fikirlər, təqdim olunacaq təcrübələr və qurulacaq tərəfdaşlıqlar gələcək inkişaf strategiyalarının formalaşmasına mühüm təsir göstərəcək. Eyni zamanda qeyd olunub ki, aparılan müzakirələrin yalnız nəzəri fikir mübadiləsi ilə məhdudlaşmayaraq konkret təşəbbüs və layihələrin formalaşmasına zəmin yaradacağı gözlənilir.

Giriş nitqindən sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Təlim çərçivəsində EM23 saylı qrupun tələbəsi Zinyət Mahmudova “Damcılarla suvarma və enerji optimallaşdırılması”, EMM25 saylı qrupun magistrantı Səma Mustafayeva isə “Aqrar sektorda yaşıl enerji startapları” mövzularında məruzələrlə çıxış ediblər. Təqdimatlarda kənd təsərrüfatında enerji resurslarından səmərəli istifadə, innovativ suvarma texnologiyalarının tətbiqi və aqrar sahədə yaşıl enerji həllərinin perspektivləri barədə ətraflı məlumat verilib.

Təlim çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar tərəfindən səsləndirilən suallar cavablandırılıb və kənd təsərrüfatı ilə enerji sektorunun inteqrasiyası istiqamətində yeni yanaşmalar müzakirə olunub.