Mingəçevir Dövlət Universitetində 04 mart 2026-cı il tarixində Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə tələbələr üçün “Korporativ Sosial Məsuliyyət və ekoloji hesabatlılıq” mövzusunda təlim keçirilib.
Təlimdə universitetin Mühəndislik fakültəsinin EM23, E23 və KM23 qruplarının tələbələri iştirak ediblər. Tədbirin əsas məqsədi tələbələrdə korporativ sosial məsuliyyət prinsipləri, ekoloji məsuliyyət anlayışı və davamlı inkişaf yanaşmaları barədə biliklərin artırılması olub.
Təlimçi qismində çıxış edən Fizika və ekologiya kafedrasının müəllimi Gülmirə Məmmədova korporativ sosial məsuliyyətin (KSM) əsas istiqamətləri, bu sahədə davamlı inkişafın rolu, eləcə də müəssisələrin ekoloji məsuliyyət və hesabatlılıq mexanizmləri haqqında ətraflı məlumat verib.
Tədbir çərçivəsində tələbələrlə interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin ekoloji şüurunun formalaşdırılması, davamlı inkişaf prinsiplərinin təşviqi və müasir çağırışlara uyğun bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.