MDU komandaları “Mingəçevir Gənclər Debat Forumu”nun finalçıları olublar

2022-ci ilin 23 may tarixində Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: Yaz, 2022” layihəsi çərçivəsində keçirilən “Mingəçevir Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi keçirilib.

Mingəçevir Dövlət Universitetinin (MDU) evsahibliyi ilə keçirilən tədbirdə, əvvəlcə, Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Tədbirdə Mingəçevir şəhər Gənclər və İdman idarəsinin rəhbəri Kamal Nəcəfli, Mingəçevir Regional Debat Mərkəzinin rəhbəri Etiram Sadıqzadə, MDU-nun Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov, təhsil müəssisələrinin nümayəndələri, təşkilat rəhbərləri və tələbələr iştirak ediblər.

Açılış nitqlərində Forumun əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, layihənin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərarvermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək və erkən nikahlar, onun fəsadları haqqında gənclərin məlumatlılığını artırmaq, fikir mübadiləsi aparmaqdır.

“Erkən nikahların qarşısının alınmasında ailə əsas faktordur” mövzusunda keçirilən Forum çərçivəsində yaz mövsümü təlimlərində Mingəçevir şəhərinin ali və orta-ixtisas təhsil müəssisələrinin tələbələri iştirak edib və maarifləniblər. Debatlarda 9 komanda olmaqla 36 gənc yarışıb. Final mərhələsində MDU-nun “Qarabağ” və “Ağdam” komandaları debat aparıblar.

Tədbirin sonunda ən yaxşı natiqlər, finalçı və qalib “Ağdam” komandası mükafatlandırılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da gənclərin hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır və bu məqsədlə onların bilik və bacarıqlarının artırılmasına hədəflənən müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.