MDU-nun tərəfdaşlığı ilə Türkiyədə “Akçakoca Turizm və İqtisadiyyat Simpoziumu” keçirilib

  • Post category:Konfrans

2026-cı il 15–16 aprel tarixlərində Türkiyənin Düzcə Universitetində Mingəçevir Dövlət Universitetinin tərəfdaşlığı ilə “Akçakoca Turizm və İqtisadiyyat Simpoziumu” keçirilib.

Turizm, iqtisadiyyat, regional inkişaf, dayanıqlı əməkdaşlıq və akademik mübadilə məsələlərinin müzakirəsinə həsr olunan simpoziumda Mingəçevir Dövlət Universiteti ilə yanaşı, Mingəçevir Turizm Kollecinin əməkdaşları da fəal iştirak ediblər. Simpoziuma ümumilikdə 40-a yaxın məqalə təqdim olunub.

Beynəlxalq elmi tədbirin əsas məqsədi turizm və iqtisadiyyat sahələrində aktual çağırışların müzakirəsi, universitetlərarası elmi əməkdaşlığın genişləndirilməsi, tədqiqatçıların akademik fikir mübadiləsinə cəlb olunması və regional inkişaf perspektivlərinin elmi əsaslarla təhlil edilməsi olub.

Simpozium çərçivəsində diqqətçəkən məqamlardan biri də Azərbaycanda ilk dəfə olaraq 16 aprel tarixində Düzcə Universiteti ilə eyni vaxtda Mingəçevir Dövlət Universitetində canlı formatda bölmə iclaslarının təşkil edilməsi olub. MDU-da keçirilən bölmə iclaslarında simpoziuma məqalə təqdim edən əməkdaşların məruzələri dinlənilib.

Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb və müzakirələr interaktiv şəkildə davam etdirilib. Bölmə iclaslarında turizmin inkişaf istiqamətləri, iqtisadi proseslərin regional təsirləri, insan kapitalının gücləndirilməsi, dayanıqlı inkişaf yanaşmaları və ali təhsil müəssisələrinin bu proseslərdə rolu ilə bağlı müxtəlif elmi yanaşmalar səsləndirilib.

Mingəçevir Dövlət Universitetinin beynəlxalq tərəfdaşlıq çərçivəsində belə elmi platformalarda iştirakı universitetin elmi potensialının gücləndirilməsi, əməkdaşların beynəlxalq akademik mühitə inteqrasiyası və regionlararası elmi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, MDU beynəlxalqlaşma, elmi əməkdaşlıq və tətbiqyönümlü tədqiqatların təşviqi istiqamətində fəaliyyətini davam etdirir.