Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib

2025-ci ilin 26 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində XX elmi-praktik konfransı keçirilib. Universitetin akt zalında keçirilən konfransda MDU-nun akademik-inzibati heyəti, professor-müəllimləri və tələbələri iştirak edib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətən uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş nitqi ilə MDU-nun rektoru Anar Eminov açaraq bildirib ki, bu tip elmi-praktik tədbirlər tələbələrin araşdırma bacarıqlarının inkişafı, elmi mühitə inteqrasiya olunması və universitetdə elmi ənənələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, çıxışında konfranslarda daha real və ölçülə bilən nəticələri olan tədqiqat işlərinin sayının artırılmasının vacibliyinə xüsusi diqqət çəkib, tələbələri aktual mövzular üzrə elmi fəaliyyətə daha fəal qoşulmağa səsləyib.

Rektor qeyd edib ki, MDU-da tələbə elminin inkişafı universitet rəhbərliyinin prioritet istiqamətlərindən biridir və qarşıdakı illərdə bu sahənin daha da dəstəklənməsi, tələbələrin elmi təşəbbüslərinin stimullaşdırılması istiqamətində ardıcıl addımlar atılacaq.

Sonra, konfransın proqramına uyğun olaraq tələbələrin məruzələri dinlənilib. MDU-nun tələbələrindən Aydan Səfərova “Konstitusiya dəyərlərinin təbliği suveren və güclü gələcəyin təminatıdır”, Xanım Məmmədova “Enerji asılılığından diversifikasiyaya: Azərbaycanın iqtisadi suverenliyində qeyri-neft sektorunun rolu”, Dinar Quluzadə “Saytlar arası skripdən istifadə edərək hesabın ələ keçrilməsi”, Xalidə Cumayeva “İngilis dilinin öyrənilməsində süni intellekdən istifadə və onun tətbiq sahələri”, Anar İsmayılov “Türk dövlətlər birliyinin iqtisadi potensialı “, Eltun Nəsibov  “Sənaye 4.0 konsepsiyasının Azərbaycanda tətbiqi”, Nərgiz Nəbizadə “ChatGPT və digər Aİ vasitələrinin tədris prosesində istifadəsinin etik aspektləri”, Selcan Eyubzadə “Müstəqil Azərbaycan dövlətinin iqtisadi siyasətinin nəticələrinə statistik baxış”, Ayişən Qədirli “Günəş panellərinin işləmə prisipi” və Fatimə Məmmədli “Riyaziyyatda sonsuzluq və kontor nəzəriyyəsi” mövzularında məruzələrlə çıxışlar ediblər.

Təqdim edilən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, MDU-nun silsilə tədbirlərinə uyğun olaraq “Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif tədbirlər davam etdirilir.