Mingəçevir məktəblilərinə “Dahi şəxsiyyət, uzaqgörən lider: Heydər Əliyev” mövzusunda mühazirə keçirilib

2024-cü ilin 8 may tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və  Mingəçevir şəhər Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Xalqının taleyinə nur saçan siyasət nəhəngi: Heydər Əliyev” mövzusunda mühazirə keçirilib.

Mingəçevir şəhər 7 saylı tam orta məktəbdə təşkil edilən tədbirdə MDU-nun və məktəbin müəllimləri, tələbələr və yuxarı sinif şagirdləri iştirak edib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

7 saylı tam orta məktəbin direktoru Anar İsmayılov çıxış edərək Heydər Əliyevin mənalı ömür yolundan bəhs edib. Ümummili Liderin müstəqilliyimizin ilk dövrlərində Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji əsaslarını dəqiq müəyyənləşdirdiyini, təhsilin inkişafına vermiş olduğu dəyərdən, dahi rəhbərin hakimiyyətdə olduğu illərdə gənclərin bütün sahələrdə sürətlə irəliləməsindən söz açıb.

MDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Aygün Qədirova “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarıdır”, MDU-nun müəllimi, AMEA Tarix İnstitunun doktorantı Gülər Əjdərzadə “Tarixdə və yaddaşlarda əbədi yaşayacaq şəxsiyyət” adlı məruzələrlə çıxış ediblər. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövründə Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olduğunu deyən məruzəçilər, müstəqil ölkəmizin bugünkü uğurlarını Heydər Əliyev strategiyasının təntənəsi kimi dəyərləndiriblər. Qeyd olunub ki, bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu önədimiz xalqımızın taleyində, mənəvi, siyasi və  ictimai həyatında misilsiz xidmətlər göstərib.

Tədbirin davamında Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət, uzaqgörən lider: Heydər Əliyev” adlı videoçarxa baxılıb.

Sonra məktəblilərin ifasında dahi şəxsiyyətə həsr olunan şeirlər səsləndirilib, Ulu öndərin həyatını əks etdirən səhnəcik göstərilib, milli rəqs nümayiş etdirilib.

Qeyd edək ki, MDU müəllimlərinin və tələbələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.