Mingəçevir Dövlət Universitetinin Tədqiqatçıları Dayanıqlı Su İdarəçiliyi üzrə Mərkəzi Aran Regionunda Hidrokimyəvi Monitorinq Aparıblar

  • Post category:MSU News

Mingəçevir Dövlət Universitetində Mərkəzi Aran iqtisadi rayonunun su ehtiyatlarının mövcud vəziyyətinin öyrənilməsinə həsr olunmuş mühüm elmi tədqiqat uğurla başa çatdırılıb. Universitet tədqiqatçıları tərəfindən həyata keçirilən araşdırma çərçivəsində regionun müxtəlif ərazilərindən götürülmüş su nümunələrinin hidrokimyəvi xüsusiyyətləri öyrənilib, onların məişət və kənd təsərrüfatı məqsədləri üçün yararlılığı elmi əsaslarla qiymətləndirilib.

Tədqiqat zamanı Universitetin laboratoriyasında Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Hacıqabul, Zərdab və Göyçay rayonlarından toplanmış yerüstü və yeraltı su nümunələri müasir laboratoriya metodları ilə analiz edilib. Nümunələr üzrə suyun turşuluq göstəricisi (pH), elektrik keçiriciliyi, ümumi codluğu, kalsium və maqnezium ionlarının miqdarı, hidrokarbonat və xlorid tərkibi, eləcə də ümumi minerallıq səviyyəsi müəyyən olunub.

Araşdırmanın nəticələri göstərib ki, Mərkəzi Aran regionunda yerləşən əksər su mənbələri keyfiyyət göstəricilərinə görə həm məişət, həm də suvarma məqsədləri üçün əlverişlidir. Xüsusilə Mingəçevir, Ağdaş, Yevlax və Ucar rayonlarından götürülmüş su nümunələrində minerallıq və digər hidrokimyəvi parametrlər beynəlxalq standartlara uyğun nəticələr nümayiş etdirib.

Bununla yanaşı, tədqiqat çərçivəsində Zərdab rayonunun Gödəkqobu ərazisində yerləşən bəzi su mənbələrində yüksək şorlaşma və minerallaşma səviyyəsi aşkar olunub. Aparılmış analizlər həmin ərazidə suyun minerallıq göstəricisinin 1800 mq/l, elektrik keçiriciliyinin isə 3600 µS/cm-ə çatdığını ortaya qoyub. Alim.

Tədqiqatın mühüm yeniliklərindən biri də region sularının kimyəvi tərkibi arasında qarşılıqlı əlaqələrin statistik üsullarla təhlil olunmasıdır. Aparılmış korelyasiya analizi suyun codluğu ilə kalsium və maqnezium ionları arasında çox güclü əlaqənin mövcud olduğunu göstərib. Eyni zamanda, elektrik keçiriciliyi ilə ümumi minerallıq arasında demək olar ki, tam uyğunluq müəyyən edilib ki, bu da suyun keyfiyyətinin operativ monitorinqi üçün mühüm elmi nəticə hesab olunur.

MDU tədqiqatçıları hesab edirlər ki, əldə olunmuş nəticələr regionda su ehtiyatlarının səmərəli idarə olunması, torpaqların şorlaşmasının qarşısının alınması və kənd təsərrüfatında dayanıqlı su istifadəsinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Araşdırma həmçinin iqlim dəyişikliklərinin təsirlərinə qarşı uyğunlaşma tədbirlərinin hazırlanması və ekoloji təhlükəsizliyin gücləndirilməsi üçün etibarlı elmi baza formalaşdırır.

Mingəçevir Dövlət Universitetində aparılan bu tədqiqat universitetin elmi potensialının gücləndirilməsi, regional problemlərin həllinə yönəlmiş tətbiqi elmi araşdırmaların genişləndirilməsi və ölkənin dayanıqlı inkişaf məqsədlərinə töhfə verilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin növbəti uğurlu nəticəsi kimi qiymətləndirilir.