Mingəçevir Dövlət Universitetinin Fizika və Ekologiya kafedrasının müəllimi Natəvan Vəliyeva Mingəçevir Gənclər Evində “Qida tullantılarının azaldılması və idarə edilməsi” mövzusunda təlim keçirmişdir.
Təlim zamanı qida tullantılarının yaranma səbəbləri geniş şəkildə izah edilmiş, xüsusilə istehsal, daşınma, saxlanma və istehlak mərhələlərində baş verən itkilərə diqqət yetirilmişdir. İştirakçılara qida tullantılarının ətraf mühitə mənfi təsirləri, o cümlədən torpaq və su ehtiyatlarının çirklənməsi, istixana qazlarının artması və iqlim dəyişikliklərinə təsiri barədə ətraflı məlumat verilmişdir.
Bundan əlavə, qida israfının qarşısının alınması yolları müzakirə edilmiş, düzgün alış-veriş vərdişlərinin formalaşdırılması, qida məhsullarının saxlanma şəraitinə əməl olunması, son istifadə tarixlərinə diqqət yetirilməsi və gündəlik qida rasionunun planlaşdırılmasının vacibliyi vurğulanmışdır. Təlimdə artıq qidaların təkrar istifadəsi, onların müxtəlif üsullarla dəyərləndirilməsi və kompostlaşdırma kimi müasir yanaşmalar haqqında da məlumat təqdim edilmişdir.
Eyni zamanda, qida tullantılarının düzgün idarə olunmasının cəmiyyət və iqtisadiyyat üçün əhəmiyyəti qeyd edilmiş, resurslardan səmərəli istifadə, ailə büdcəsinə qənaət və davamlı inkişaf prinsiplərinə töhfə baxımından bu məsələnin aktuallığı ön plana çəkilmişdir. İştirakçılarla interaktiv müzakirələr aparılmış, real həyat nümunələri əsasında fikir mübadiləsi həyata keçirilmişdir.
Təlimdə həmçinin qida tullantılarının azaldılması istiqamətində maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi, həm fərdi, həm də ictimai məsuliyyətin artırılmasının önəmi vurğulanmışdır.
Nəticə etibarilə, qida tullantılarının azaldılması hər bir fərdin gündəlik davranış və vərdişlərindən birbaşa asılıdır. Düzgün idarəetmə üsullarının tətbiqi, şüurlu istehlak və məsuliyyətli yanaşma sayəsində həm ətraf mühitin qorunmasına, həm də təbii resurslardan daha səmərəli istifadəyə nail olmaq mümkündür.