Mingəçevir Dövlət Universiteti Çexiyada beynəlxalq layihədə təmsil olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Xarici dillər kafedrasının müəllimi Türkanbəyim Əhmədli “Erasmus+” mübadilə proqramı çərçivəsində Çexiyada iki həftə davam edən “Leaders of Tomorrow” (Sabahın liderləri) layihəsinin təlimlərində iştirak edib.


Çexiyanın Pec Pod Snezkou və İspaniyanın El Rasiloyo de Kameros şəhərlərində təşkil olunan təlimlərin təşkilində məqsəd gənclərin liderlik və idarəetmə bacarıqlarının artırılmasıdır. Əsas gözlənti layihə iştirakçılarının qazandıqları bilik və təcrübələri öz karyeralarında praktiki olaraq tətbiq etmələrindən ibarətdir.


Təlimlərdə liderlik, komanda quruculuğu, ünsiyyət və kommunikasiya, sahibkarlıq düşüncəsi, piar strategiyası və digər mövzulardan bəhs olunub. T.Əhmədli təlimlərdə fəallıq göstərib və MDU-nu layihədə uğurla təmsil edib.


Qeyd edək ki, MDU-da akademik və inzibati heyət üzvlərinin bilik və bacarıqlarının davamlı artırılmasına xüsusi diqqət yetirilir.