Mingəçevir Dövlət Universiteti Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığa başlayıb

2022-ci ilin 22 iyun tarixində Dövlət İmtahan Mərkəzi (DİM) ilə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dövlət Aqrar Universiteti arasında maliyyə sahəsində savadlılığın artırılması, maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılması məqsədilə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Əvvəlcə, Azərbaycanın Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin əməkdaşlıq üçün göstərdiyi marağı yüksək qiymətləndirib və bu razılaşmanın maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, tələbələrin həm nəzəri biliklər, həm də praktik bacarıqlarla silahlandırılması istiqamətində müstəsna rol oynayacağını qeyd edib.

Sədr PMS imtahanlarının IFAC (Beynəlxalq Mühasiblər Federasiyası) standartlarına uyğunlaşdırılması, PMS-ə sahib şəxslərin ACCA-in müvafiq kvalifikasiyalarından azad olması mexanizmləri, peşəkar inkişaf proqramlarının hazırlanması və sertifikasiya prosesi ilə inteqrasiyası kimi məsələlərə toxunub. O, həmçinin DİM tərəfindən keçirilən PMS imtahanları haqqında statistik məlumatlar təqdim edib, DİM-in Maliyyə Nazirliyi, peşəkar mühasib təşkilatları və tədris mərkəzləri ilə əməkdaşlığını xüsusi vurğulayıb.

Tədbirdə ACCA-in Türkiyə Regional Mərkəzinin nümayəndəliyinin iştirakı xüsusilə qiymətləndirilib və Filiz Demiröz bu əməkdaşlığın əhəmiyyəti, eləcə də ACCA kvalifikasiyalarının yaratdığı imkanlar barəsində danışıb.

Sonra iştirakçı universitetlərin rektorları və prorektorları çıxış ediblər.

Memorandumun ali təhsil müəssisələri üçün yeni imkanlar yaratdığını diqqətə çatdıran MDU-nun rektoru Şahin Bayramov təmsil etdiyi region universitetinin də belə bir platformada əməkdaşlığa cəlb olunmasını yüksək qiymətləndirib və göstərilən dəstəyə görə DİM-in rəhbərliyinə təşəkkürünü bildirib. DİM ilə yaradılan əməkdaşlığın universitetdə müvafiq ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, əmək bazarının tələblərinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına əhəmiyyətli töhfələr verəcəyinə əminliyini bildirən Ş.Bayramov Memorandumda əksini tapan birgə fəaliyyətlərin həyata keçirilməsində bütün tərəfdaşlara uğurlar arzulayıb.

Tədbir DİM ilə iştirakçı universitetlər arasında anlaşma memorandumlarının imzalanması ilə sona çatıb.

Qeyd edək ki, hazırda modernləşməkdə olan MDU-da kadr hazırlığının əmək bazarının müasir tələblərinə uyğun keyfiyyətinin yüksəldilməsi məqsədilə yerli və xarici tərəfdaşlıqlara xüsusi önəm verilir.