Mingəçevir Dövlət Universiteti “Qərarvermədə gənclərin iştirakı”na həsr olunmuş tədbirdə təmsil olunub

2022-ci ilin aprelin 22-23-də “Avropa İttifaqı Gənclər üçün” proqramı (EU4Youth) ilə əməkdaşlıq çərçivəsində Gənclər və İdman Nazirliyi, “Education HUB” və “Gender HUB” sosial platformalarının birgə təşkilatçılığı ilə “Qərarvermədə gənclərin iştirakı»na həsr olunmuş dəyirmi masa keçirilib. Dövlət qurumlarını, gənclər təşkilatlarını, gənclər evlərini və müxtəlif regionları təmsil edən 45 gəncin iştirak etdiyi tədbirdə Mingəçevir Dövlət Universitetini (MDU) Karyera və İnkişaf Mərkəzinin mütəxəssisi İlhamə Məmmədova və Təhsil fakültəsinin tələbəsi Müşfiq Tarıverdiyev təmsil edib.

Proqrama uyğun olaraq 2 gün davam edən dəyirmi masada müzakirələr gənclər siyasətinin həyata keçirilməsində sektorlararası əməkdaşlığa gənclərin daha inklüziv cəlb edilməsi, gənclərin məşğulluğu, sosial sahibkarlığı və gender bərabərliyi mövzularına həsr olunub.

Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və millət vəkili Nigar Arpadarai çıxış edərək mövzularla bağlı fikirlərini və tövsiyələrini bildiriblər.