Mingəçevir Dövlət Universitetində 2025-ci il Maliyyə Hesabatı geniş tərkibli iclasda müzakirə olunub

  • Post category:MSU News

Mingəçevir Dövlət Universitetində universitetin 2025-ci il üzrə Maliyyə Hesabatının təqdimatı və müzakirəsinə həsr olunmuş geniş tərkibli iclas keçirilib. Universitetin rektoru Anar Eminovun sədrliyi ilə keçirilən iclasda universitet rəhbərliyi, struktur bölmə rəhbərləri, akademik və inzibati heyət, eləcə də dövlət və özəl sektorun, sənaye müəssisələrinin və digər tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan rektor Anar Eminov universitetdə şəffaflıq, hesabatlılıq və səmərəli maliyyə idarəçiliyinin institusional inkişafın əsas prinsiplərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, maliyyə resurslarının strateji prioritetlərə uyğun idarə olunması universitetin təhsil, elm, innovasiya, rəqəmsal transformasiya, beynəlmiləlləşmə və dayanıqlı inkişaf istiqamətlərində əldə etdiyi uğurların əsas dayaqlarındandır.

Təqdimat zamanı MDU-nun 2025-ci il üzrə maliyyə göstəriciləri iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, universitetin gəlirləri dövlət büdcəsi vəsaitləri, təhsil haqları, elmi qrantlar, beynəlxalq layihələr və digər mənbələr hesabına formalaşıb. Maliyyə siyasətinin əsas istiqamətləri insan kapitalına investisiyalar, elmi tədqiqatların dəstəklənməsi, rəqəmsal transformasiya, kampusun inkişafı, tələbə yönümlü xidmətlər və yaşıl universitet təşəbbüslərinin maliyyələşdirilməsi olub.

Müzakirələr zamanı sənaye nümayəndələri universitet–sənaye əməkdaşlığının daha da genişləndirilməsi, birgə layihələrin maliyyələşdirilməsi, tətbiqi tədqiqatların təşviqi və məzunların əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində fikir və təkliflərini səsləndiriblər. Qarşılıqlı əməkdaşlığın innovasiya ekosisteminin inkişafına və regionun sosial-iqtisadi tərəqqisinə mühüm töhfə verəcəyi vurğulanıb.

İclasda maliyyə resurslarının səmərəli idarə olunmasının, ictimai hesabatlılığın və maraqlı tərəflərlə açıq dialoqun universitetin davamlı inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi olduğu qeyd edilib. Sonda iştirakçıların rəy və təklifləri dinlənilib, gələcək fəaliyyət istiqamətləri üzrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, MDU-nun 2025-ci il Maliyyə Hesabatı universitetin şəffaflıq və hesabatlılıq siyasətinə uyğun olaraq ictimaiyyət üçün açıq şəkildə təqdim olunub və maliyyə dayanıqlılığı, məsuliyyətli idarəetmə və davamlı inkişaf prinsiplərini özündə əks etdirir.