Mingəçevir Dövlət Universitetində Sosial iş ixtisası üzrə təhsil alan Sİ-23 qrupu üçün “Sosial iş təcrübəsində etik prinsiplər” mövzusunda açıq dərs təşkil olunub.
Açıq dərs Pedaqogika və psixologiya kafedrasının müəllimi Könül Ədalət tərəfindən keçirilib. Dərsin əsas məqsədi tələbələrə sosial iş fəaliyyətində etik prinsiplərin əhəmiyyətini aşılamaq, peşəkar davranış standartlarını izah etmək və real situasiyalar üzərində praktik yanaşmalar formalaşdırmaq olub.
Dərs zamanı etik kodeksin əsas müddəaları, ayrı-seçkiliyin qarşısının alınması, sosial ədalətin təmin olunması və müştəri hüquqlarının qorunması kimi mövzular geniş müzakirə edilib. Tələbələr qruplar şəklində fəaliyyət göstərərək müxtəlif situativ tapşırıqlar və təqdimatlar vasitəsilə mövzu ətrafında fikir mübadiləsi aparıblar.
İnteraktiv formada keçirilən açıq dərs tələbələrin fəallığı və mövzuya marağı ilə seçilib. Sonda aktiv iştirak edən tələbələr qiymətləndirilib.
Qeyd edək ki, bu cür açıq dərslər tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə və gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı olmalarına mühüm töhfə verir.