Mingəçevir Dövlət Universitetində dayanıqlı su idarəçiliyi mövzusunda təlim baş tutub: Təmiz Su Siyasəti

  • Post category:MSU News

Mingəçevir Dövlət Universitetində “Təmiz Su Siyasəti” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə universitetin tələbə və magistrantları iştirak edərək su resurslarının səmərəli idarə olunması, ekoloji məsuliyyət və dayanıqlı kampus yanaşmaları barədə biliklərini artırıblar.

Tədbirdə universitetin İnformasiya texnologiyaları kafedrasının müəllimi Günay Əliyeva geniş təqdimatla çıxış edib. Təqdimatda kampus daxilində su istehlakının optimallaşdırılması, sızmaların aradan qaldırılması, suyun keyfiyyətinin qorunması və tullantı suların effektiv idarə olunması kimi əsas istiqamətlər diqqətə çatdırılıb. Qeyd olunub ki, 2024–2027-ci illər üzrə mərhələli hədəflər çərçivəsində su sərfiyyatının azaldılması və idarəetmənin rəqəmsallaşdırılması prioritetdir.

Çıxışda həmçinin iqlim modellərinin su ehtiyatlarının gələcək planlaşdırılmasında rolu vurğulanıb. Bu modellər vasitəsilə quraqlıq riskləri və suyun keyfiyyətinə təsir edən amillərin əvvəlcədən qiymətləndirilməsi mümkün olur ki, bu da daha çevik və elmi əsaslı qərarların qəbuluna şərait yaradır.

Təlim çərçivəsində praktiki yanaşmalar da təqdim edilib. Yağış suyunun toplanması sistemləri, kondisioner sularının yığılması və texniki məqsədlər üçün təkrar istifadəsi kimi sadə, lakin effektiv həllərin kampus mühitində tətbiqinin mümkünlüyü iştirakçılara izah olunub. Bu yanaşmalar yaşıllıq zonalarının qorunmasına və su israfının azaldılmasına töhfə verir.

Eyni zamanda, universitetdə artıq həyata keçirilmiş tədbirlər diqqətə çatdırılıb. Tullantı sularının idarə olunması üzrə infrastrukturun yenilənməsi isə sanitariya səviyyəsinin yüksəlməsinə və ekoloji risklərin azalmasına imkan yaradıb.

Maarifləndirmə istiqamətində aparılan fəaliyyətlərin əhəmiyyəti də vurğulanıb. Son illərdə keçirilən çoxsaylı tədbirlər nəticəsində tələbə və əməkdaşlar arasında suya məsuliyyətli yanaşma güclənib, ekoloji düşüncə tərzi formalaşıb.

Təlim iştirakçıları üçün təqdim olunan bu yanaşmalar universitetdə resursların daha səmərəli istifadəsinə, innovativ həllərin tətbiqinə və dayanıqlı kampus mühitinin formalaşmasına yönəlmiş strateji baxışın praktik ifadəsi kimi qiymətləndirilib.