Mingəçevir Dövlət Universitetində tələbə elmi konfransı keçirilib

2022-ci ilin 11 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) “Elm Günü”nə həsr edilmiş XIII elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda fakültənin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov son dövrdə universitetdə tələbələr arasında müxtəlif aktual mövzularda konfransların və seminarların davamlı olaraq keçirildiyini qeyd edib və təhsilalanların elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyəti barədə danışıb. Gənclərin elmi potensialının üzə çıxarılması və onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi sahəsində MDU-da görülən işlərdən bəhs edən N.Zeynalov tələbələri yaradılan imkanlardan daha fəal faydalanmağa çağırıb və konfransın işinə uğurlar arzulayıb.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun Təhsil fakültəsinin tələbələrindən Narıngül İbrahimova “Poeziyada “Azad Şuşa” obrazı”, Mirvari Həmidli “Erməni təcavüzünün qurbanı olmuş milli-mədəni abidələrimiz”, Elnurə Yusifli “Cəbri və transendent ədədlər”, Raya Qasımzadə “Ailə mərhəmətlilik tərbiyəsinin ilkin mənbəyi kimi”, Gülnar Salamova “Xarici dillərin tədrisində mədəniyyət aspekti”, Saniyə Musayeva “Styuart teoremi və onun tətbiqləri” və Nübar Durmuşova “Erkən nikahın fəsadları (pedaqoji-psixoloji aspektdən baxış)” mövzusunda məruzələrlə çıxış ediblər.

Tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.          

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, hər il martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd edilir. Bununla əlaqədar olaraq, “Elm günü” çərçivəsində MDU-da akademik heyət üzvləri və tələbələrin iştirakı ilə müxtəlif elmi tədbirlərin, o cümlədən konfranslar və seminarların keçirilməsinə xüsusi önəm verilir.