Mingəçevir Dövlət Universitetinin tələbələri üçün “Karyera və ailə balansı” mövzusunda təlim keçirilib

  • Post category:MSU News

Mingəçevir şəhərində yerləşən 10 nömrəli tam orta məktəbin akt zalında Mingəçevir Dövlət Universitetinin (MDU) həmin məktəbdə pedaqoji təcrübə keçən İbtidai təhsil ixtisasının yuxarı kurs tələbələri üçün “Karyera və ailə balansı” mövzusunda təlim təşkil olunub.

Təlim MDU-nun Pedaqogika və psixologiya kafedrasının müəllimi Aydın Kərimov tərəfindən keçirilib. Sessiya zamanı gələcəyin gənc müəllimləri ilə müasir karyera planlaması, müəllimlik peşəsində peşəkar inkişaf imkanları, eləcə də şəxsi həyat və ailə münasibətləri arasında sağlam balansın qorunmasının əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

İnteraktiv formatda keçirilən təlim çərçivəsində iştirakçılarla müxtəlif praktik nümunələr müzakirə olunub, onların fikirləri dinlənilib və gələcək pedaqoji fəaliyyətlərində tətbiq edə biləcəkləri faydalı tövsiyələr təqdim edilib.

Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və olduqca faydalı hesab edilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti tələbələrin peşə bacarıqlarının artırılması, onların əmək bazarına effektiv inteqrasiyasının təmin edilməsi və pedaqoji təcrübə prosesinin səmərəliliyinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq bu cür maarifləndirici və praktik yönümlü tədbirlər həyata keçirir.