10 dekabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində “İqtisad elmləri və idarəetmə” bölməsinin iclası keçirilib.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən iclasda giriş sözü ilə çıxış edən bölmə rəhbəri, MDU-nun “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri Emiliya Hüseynova konfransın “İqtisad elmləri və idarəetmə” bölməsinə 120 yerli, 37 xarici olmaqla ümumilikdə 157 teziz və məqalə daxil olduğunu bildirib.
Bölmə iclasında təqdim ediləcək mövzular və məruzəçilər barədə məlumatlar verildikdən sonra çıxışlara başlanılıb.
AMEA İqtisadiyyat İnstitutundan Kamran Abdullayev “Yeni regional tranzit xəttin yaranmasında Zəngəzur dəhlizinin rolunun qiymətləndirilməsi”, Tariyel Qurbanov “Milli iqtisadiyyatın davamlı inkişafının tsiklik xüsusiyyətləri”, Böyük Britaniyanın Oksford Universitetindən Rüstəm Cəmilov “Qlobal davamlı iqtisadi və maliyyə inkişafı riskləri”, Azərbaycan Dövlət İqtisad Universitetindən Elnur Sadıqov “Kommersiya banklarının kredit bazarında rəqəmsal əməliyyatlarının təkmilləşdirilməsi”, Kiyev Milli İqtisadiyyat Universitetindən Oleq Kaminski “Pandemiya şəraitində additiv istehsalın biznes modelləri – iqtisadiyyat və idarəetmə baxımından imkanlar və problemlər”, ABŞ-ın Rutqers Universitetindən Huşəng Əmirəhmədi “İnsan kapitalı və texnologiyanın simbiozu: yeni yaranan istehsal gücü”, Azərbaycan Texniki Universitetindən Ramil Quliyev “Təşkilatda korporativ sosial məsuliyyət strategiyasının formalaşması”, Türkiyənin KTO Karatay Universitetindən Alperen Başer “İxrac marketinqi üzrə ikinci dərəcəli məlumatlardan istifadə etməklə bazar araşdırmasına və hədəf bazarın müəyyənləşdirilməsinə metodoloji yanaşma”, Azərbaycan Dövlət Aqrar Universitetindən Asəf Qasımov “Aqrar istehsalın intensivləşdirilməsinin iqtisadi mexanizminin təkmilləşdirilməsi”, MDU-dan Emiliya Hüseynova “Azərbaycanda model müəssisələrin yaradılması imkanları”, Nüşabə Qədimli “Maliyyə təhlili metodlarının təkmilləşdirilməsinə yeni baxış”, Ruhiyyə Hüseynova “Azərbaycanda innovasiya yönümlü sahibkarlığın inkişafının müasir tendensiyaları” və Zaur Rəsulov “Gənc mütəxəssislərin karyera inkişafında davamlı dəyişən peşəkar bacarıqların artan rolu” mövzularında məruzə ediblər.
Bölmə iclasının iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, MDU tarixində ilk dəfə olaraq keçirilən beynəlxalq elmi konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərilib, 37 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, eləcə də 14 xarici ölkənin 35 universitetindən, ümumilikdə, 462 tezis və məqalə daxil olub.