Mingəçevir Dövlət Universitetində “Fintech və rəqəmsal iqtisadiyyat” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetində “Fintech və rəqəmsal iqtisadiyyatmövzusunda təlim keçirilib

 

2021-ci ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Seed” Startap Mərkəzinin təşkilatçılığı ilə “Fintech və rəqəmsal iqtisadiyyat” mövzusunda təlim keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən təlimin qonağı ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin maliyyə professoru Fariz Hüseynov olub.

Təlimdə giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov müasir dövrdə cəmiyyət həyatının bütün sahələrində rəqəmsallaşmanın geniş tətbiq edildiyini qeyd edib. Ölkəmizdə rəqəmsal transformasiyanın uğurla reallaşmaqda olduğunu vurğulayan Ş.Bayramov universitetin gənc akademik heyət üzvlərinin, tələbə və magistrantlarının yeni dövrün tələblərinə uyğun rəqəmsal bilik və bacarıqlar əldə etməsi baxımından təlimin əhəmiyyətindən söhbət açıb.

MDU-nun tələbə və müəllim kollektivi ilə görüşdən məmnunluğunu ifadə edən F.Hüseynov təlim zamanı maliyyə və texnologiyanın inteqrasiyası olaraq fintech-in mahiyyəti, yaranması və əsas məqsədləri haqqında ətraflı məlumat verib. Fintech startapları, rəqəmsal iqtisadiyyat, “e-ticarət”, rəqəmsal media, rəqəmsal məhsullar və kriptovalyutalardan bəhs edən təlimçi informasiya texnologiyaları vasitəsilə həyata keçirilən maliyyə xidmətlərindən və digər iqtisadi fəaliyyətlərdən danışıb.

İştirakçılar tərəfindən maraqla qarşılanan təlimdə təqdim olunan çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, sürətlə modernləşən MDU-da tədris prosesi ilə yanaşı, tələbələrin və əməkdaşların aktual mövzularda əlavə bilik və bacarıqlar qazanmasına imkan verən təlimlərin keçirilməsinə və səmərəli təhsil mühitinin təmin edilməsinə xüsusi diqqət yetirilir.

{phocagallery view=category|categoryid=645|limitstart=0|limitcount=0}