MDU-da miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib

2024-cü il aprelin 4-də Mingəçevir Dövlət Universitetində (MDU) Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən maarifləndirmə tədbiri keçirilib. “Miqrasiya proseslərinin təhsil sahəsində tənzimlənməsi və təhsil sahəsi ilə bağlı ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” mövzusunda keçirilən tədbirdə MDU-nun akademik və inzibati heyəti, tələbə və magistrantlar iştirak edib.

Qonaqları salamlayan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov universitet rəhbərliyi adından miqrasiya sahəsində kollektivin və tələbələrin maarifləndirilməsi məqsədi ilə MDU-da tədbirlər həyata keçirən Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə və əməkdaşlarına  təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Yevlax Regional Miqrasiya İdarəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin rəisi Hüseyn Qocamanov və Miqrasiya rejiminə nəzarət şöbəsinin rəisi Seymur Qasımov mövzu ilə bağlı ətraflı məlumatlar veriblər. Əməkdaşlar Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, müvəqqəti yaşamaq üçün icazə, miqrasiya proseslərinin idarə olunması, miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər barəsində danışıb, hər kəs üçün faydalı olacaq tövsiyyələrini veriblər. Həmçinin “ASAN xidmət”  mərkəzlərində  göstərilən fəaliyyətlər, tənzimlənməyən miqrasiyaya qarşı mübarizə və insan alveri, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin könüllü və məcburi saxlanılması qaydaları barədə iştirakçılar məlumatlandırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.