Mingəçevir Dövlət Universitetində müharibə iştirakçısı olan tələbələrlə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində rektor Anar Eminovun iştirakı ilə Vətən müharibəsində iştirak etmiş tələbələrlə görüş təşkil olunub.

Görüş zamanı rektor Anar Eminov müharibə iştirakçılarının göstərdikləri şücaəti yüksək qiymətləndirərək onların cəmiyyət üçün nümunəvi rolunu xüsusi vurğulayıb. Bildirilib ki, Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan gənclərinin yüksək vətənpərvərlik ruhunun bariz ifadəsidir.

Görüşdə iştirak edən müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər. Qeyd olunub ki, bu cür görüşlər gənclərin motivasiyasının artırılmasına və onların təhsil həyatında daha fəal iştirakına mühüm töhfə verir.

Tədbir çərçivəsində tələbələrin təhsil prosesi, sosial vəziyyəti və gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb, onların təklif və müraciətləri dinlənilib.

Sonda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, qazilərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.