Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsində “Memarlıq və Şəhərsalma İli – 2026” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin XXI elmi konfransı keçirilib. Konfransda fakültə rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva müasir dövrdə memarlıq və şəhərsalma sahəsində aparılan elmi tədqiqatların əhəmiyyətindən, bu istiqamətdə tələbələrin elmi fəaliyyətə cəlb olunmasının vacibliyindən bəhs edib.
Açılış nitqindən sonra tələbələrin məruzələri dinlənilib. MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən Fatimə Əliyeva “İqlim dəyişikliyi və müasir memarlıq: uyğunlaşma və inkişaf perspektivləri”, Nahid Qarayev “Rəqəmsal əkiz (Digital Twin) texnologiyasının şəhər energetika sistemlərində tətbiqi və optimallaşdırma potensialının qiymətləndirilməsi”, Elvin Mahmudov “Mühərrik yağ keyfiyyətinin real vaxtda qiymətləndirilməsi üçün ağıllı sistem”, İsmayıl Həsənzadə və Naila Nuriyeva “Şəhər informasiya sistemlərinə qarşı hücumların aşkarlanmasında AI texnologiyaları”, Kamilə İbrahimova “Kritik infrastrukturun (enerji, su, nəqliyyat) fövqəladə hallara davamlılığı”, Məhəmməd Məmmədli “Urbanizasiya və süni intellekt: gələcəyin şəhərlərinin dizaynı”, Cəmilad Məmmədzadə “Şəhərlər necə enerji yığır? Adaptiv memarlığın sirləri”, Nurcan Hüseynova “Şəhərlər danışır: memarlığın insan həyatına təsiri”, Ömər Alcanov “Elektrik nəqliyyatının şəhər energetikasına təsiri – EV şarj infrastrukturu və pik yüklənmə problemi”, Nərgiz Vahidli “Yaşıl dam sistemlərinin ekosistemlərdə rolu”, Rəvanə Hidayanova “Memarlıq və şəhərsalmanın müasir problemləri və davamlı inkişaf istiqamətləri”, Anar Ramazanlı “Ağıllı şəhər (Smart City) texnologiyalarının şəhərsalma prosesində rolu” və Solmaz Qasımli “Suda dayanıqlı memarlıq prinsipləri və şəhər planlaşdırılmasında rolu” adlı mövzularda məruzələrlə çıxış ediblər. Təqdim olunan məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanılıb.
Konfrans çərçivəsində müasir şəhərsalma, dayanıqlı inkişaf, rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılıb, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi həyata keçirilib.
Sonda çıxış edənlər belə tədbirlərin tələbələrin elmi potensialının üzə çıxarılmasında, onların innovativ düşüncə tərzinin formalaşmasında və gələcək peşəkar fəaliyyətlərinə hazırlanmasında mühüm rol oynadığını vurğulayıblar.