Mingəçevir Dövlət UniversitetindəMexanika kafedrası və Mülki Müdafiə Qərəgahının təşkilatçılığı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir təşkil olunub. Universitetin həyətində keçirilən tədbirdə MDU-nun əməkdaşları, tələbə və magistrantları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mexanika kafedrasının müdiri Mahir İsmayılov Ümumdünya Mülki Müdafiə Gününün əhəmiyyətindən bəhs edərək, əhalinin, xüsusilə gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, insan həyatının qorunması, sağlamlığın təmin olunması və təhlükəsiz mühitin formalaşdırılması istiqamətində maarifləndirmə tədbirləri mühüm rol oynayır. Risklərin düzgün qiymətləndirilməsi və operativ reaksiya bacarığının formalaşdırılması fövqəladə vəziyyətlər zamanı itkilərin qarşısının alınmasında əsas amillərdəndir.
MDU-nun Mülki Müdafiə Qərəgahının rəisi, Mexanika kafedrasının müəllimi İlham Məmmədov çıxışında mülki müdafiə işinin təşkili prinsipləri, fövqəladə hallara hazırlıq mexanizmləri və müvafiq vasitələrin istifadə qaydaları barədə ətraflı məlumat verib. O, fərdi mühafizə vasitələrinin düzgün tətbiqi, təxliyə prosedurları, ilkin davranış prinsipləri və fövqəladə vəziyyətlərdə koordinasiyanın əhəmiyyəti üzərində dayanıb. Qeyd olunub ki, qabaqlayıcı tədbirlər və sistemli hazırlıq insan təhlükəsizliyinin təmin edilməsində, həmçinin sosial dayanıqlılığın gücləndirilməsində mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində tələbələrə fövqəladə hallar zamanı soyuqqanlı, məsuliyyətli və çevik davranmağın vacibliyi bir daha xatırladılıb, onların bu istiqamətdə bilik və bacarıqlarının artırılmasının müasir cəmiyyət üçün strateji əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. İştirakçılar praktiki biliklərin gündəlik həyat və ictimai təhlükəsizlik baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.
Qeyd edək ki, hər il 1 mart tarixi dünya ölkələrində Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi əhalinin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, təhlükəsizlik mədəniyyətinin təşviqi və risklərin azaldılması istiqamətində maarifləndirmə işinin gücləndirilməsidir.