Mingəçevir Dövlət Universitetinin Dayanıqlı Enerji və Regional İnkişaf İnstitutunun təşkilatçılığı ilə 12 may 2026-cı il tarixində “Net-Sıfır gələcəyinə keçid: yaşıl iqtisadiyyat, karbon maliyyəsi və dayanıqlı inkişaf” mövzusunda tədbir keçiriləcək.
Tədbirin əsas məqsədi yaşıl iqtisadiyyat, karbon emissiyalarının azaldılması, bərpa olunan enerji, yaşıl maliyyə mexanizmləri və dayanıqlı inkişaf istiqamətində aktual çağırışların müzakirəsi, eləcə də bu sahədə elmi-praktik yanaşmaların təşviq edilməsidir.
Tədbir 12 may 2026-cı il tarixində saat 15:00-da Mingəçevir şəhər Gənclər Evində keçiriləcək.
Tədbirin açılışında Mingəçevir Dövlət Universitetinin Dayanıqlı Enerji və Regional İnkişaf İnstitutunun direktoru, dosent Ruhiyyə Hüseynova giriş sözü ilə çıxış edəcək.
Proqram çərçivəsində karbon qiymətləndirilməsi, emissiya ticarəti sistemləri (ETS), yaşıl maliyyə mexanizmləri, yaşıl hidrogen iqtisadiyyatı, enerjinin saxlanması texnologiyaları, enerji səmərəliliyi, dövri iqtisadiyyat, dekarbonlaşma strategiyaları və rəqəmsal transformasiya kimi aktual mövzular üzrə məruzələr dinləniləcək.
Tədbirdə akademik heyət, tələbələr, tədqiqatçılar, dövlət və özəl sektor nümayəndələri, eləcə də dayanıqlı inkişaf və yaşıl enerji sahəsinə maraq göstərən iştirakçılar iştirak edəcəklər.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində həyata keçirilən bu kimi təşəbbüslər universitetin yaşıl kampus və dayanıqlı inkişaf strategiyası çərçivəsində ekoloji məsuliyyətin, yaşıl düşüncə tərzinin və innovativ enerji həllərinin təşviqinə xidmət edir.