Mingəçevir Dövlət Universitetində plastik tullantıların toplanması və ekoloji mövzuda master-klass keçirilib

Mingəçevir Dövlət Universitetində tələbələr arasında ekoloji düşüncənin təşviqi və ətraf mühitin qorunmasına diqqətin artırılması məqsədilə maarifləndirici tədbir keçirilib. Universitetdə fəaliyyət göstərən CreART klubunun təşkilatçılığı ilə universitetin həyətində plastik qabların toplanması aksiyası və rəsm ləvazimatları ilə yaradıcı master-klass təşkil olunub.

Tədbir çərçivəsində tələbələr ətraf mühitin qorunmasının əhəmiyyəti, plastik tullantıların təbiətə təsiri və onların düzgün idarə olunmasının vacibliyi barədə məlumatlandırılıblar. İştirakçılar toplanan plastik materiallar vasitəsilə yaradıcı fəaliyyət göstərərək ekoloji mövzuda müxtəlif bədii işlər hazırlayıblar.

Master-klass zamanı yaradıcılıq fəaliyyəti vasitəsilə ətraf mühitə həssas münasibətin formalaşdırılması, tullantıların azaldılması və resurslardan səmərəli istifadə kimi məsələlərə diqqət çəkilib. Tələbələr ekoloji mövzuların incəsənət və yaradıcılıq vasitəsilə ifadə olunmasının cəmiyyətə mesaj vermək baxımından mühüm rol oynadığını qeyd ediblər.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin ekoloji maarifləndirilməsi, məsuliyyətli istehlak vərdişlərinin formalaşdırılması və gənclərin sosial təşəbbüslərdə fəal iştirakının təşviqi məqsədilə müxtəlif maarifləndirici və yaradıcı tədbirlər mütəmadi olaraq təşkil olunur.