AZƏRBAYCANDA RƏQƏMSAL ARXİTEKTURA VƏ SÜNİ İNTELLEKT ƏSASLI “EKİZ ŞƏHƏR” ŞƏHƏRSALMA VƏ URBANİZASİYA KONTEKSTİNDƏ GƏLƏCƏK İNKİŞAF PERSPEKTİVLƏRİ

RƏQƏMSAL GÜC DOKTRİNASI, AZƏRBAYCAN SÜNİ İNTELLEKT ERASINA KEÇİR!

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Dünya hazırda yeni bir inkişaf mərhələsinə — rəqəmsal transformasiya dövrünə qədəm qoymuşdur. Bu mərhələdə əsas iqtisadi resurslar artıq ənənəvi enerji və xammal deyil, məlumat, analitika və süni intellekt texnologiyalarıdır. Dövlət idarəçiliyi, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı və sosial xidmətlər getdikcə daha çox rəqəmsal platformalar və ekosistemlər üzərində qurulur. Azərbaycan da bu transformasiyaya strateji yanaşma nümayiş etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və icrasına başlanmış “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasında 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”, “Azərbaycan Respublikasında 2026-2029-cu illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişaf Strategiyası” və “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”  ölkədə insan kapitalının inkişafını, rəqəmsal bacarıqların gücləndirilməsini, innovativ təhsil mühitinin yaradılmasını və süni intellektin təhsilə inteqrasiyasını hədəfləyir. Bu, ali təhsil və tədqiqat müəssisələrinin məsuliyyətini artırır: texnologiya yalnız öyrənilməməli, strateji idarəetmə alətinə çevrilməlidir. Beləliklə, rəqəmsal texnologiyalar yalnız alət deyil, rəqəmsal intellektlə idarə olunan yeni qlobal gücün əsas sütunudur və Azərbaycan bu inqilabın mərkəzində yer almaqla təkcə texnologiya istehlakçısı olmaqdan çıxır, strateji lider mövqeyinə yüksəlir.

Ölkəmizdə rəqəmsal infrastruktur möhkəmlənib: “Onlayn Azərbaycan” layihəsi ilə internet sürəti ölkə vətəndaşları üçün 12 meqabitdən 90 meqabitə, dövlət şirkətlərində 150 meqabit/saniyəyə çatıb, ilin sonuna 200 meqabit hədəflənir. Bakı və Yevlax şəhərlərində “DATA MƏRKƏZLƏRİ” istifadəyə verilib, 270 dövlət qurumu rəqəmsal resurslarını burada yerləşdirir. “SİMA” biometrik imzadan 4 milyon, “myGov” platformasından 5 milyon istifadəçi gözlənilir. Məqsəd yalnız rəqəmsal xidmət təqdim etmək deyil, ölkəni yüksək əlavə dəyər yaradan texnologiya liderinə çevirməkdir. Azərbaycanın İKT ixracı hazırda 100 milyon dollar səviyyəsindədir; hədəf 1 milyard dollardır. Bunun üçün innovasiya ekosistemi gücləndirilir, startaplar maliyyələşdirilir, “sandbox” mexanizmləri və vençur/kradfandinq alətləri tətbiq olunur. Beləliklə, rəqəmsal transformasiya artıq yalnız texnologiyaların tətbiqi deyil, ölkənin bütün iqtisadi, sənaye və idarəetmə proseslərinin rəqəmsal ekiz sistemləri üzərində qurulması mərhələsinə keçib.

Rəqəmsal arxitektura dövlət və təşkilatların informasiya sistemləri, məlumat axınları, texnologiya platformaları və xidmətlərinin vahid prinsip və struktur üzərində qurulmasıdır. Bu, həm texniki, həm funksional, həm də idarəetmə səviyyəsində koordinasiyanı təmin edir. Əsas komponentlər: məlumat infrastrukturu, bulud və platforma texnologiyaları, süni intellekt və böyük verilənlərin analitikası, kibertəhlükəsizlik və vahid idarəetmə mexanizmləridir.

Əvvəllər əsas məqsəd məlumatların elektron mühitə köçürülməsi idisə, indi prioritet sistemlərin virtual mühitdə modelləşdirilməsi və idarəsidir. Rəqəmsal ekiz fiziki obyektin, istehsal prosesinin, şəhər infrastrukturunun və ya iqtisadi sistemin real vaxt rejimində virtual modelidir. Sensor məlumatları, süni intellekt və böyük verilənlər analitikası vasitəsilə proseslər əvvəlcədən proqnozlaşdırılır.

Qlobal sənaye liderləri Siemens, General Electric, BMW, Dassault Systèmes, Shell və Microsoft Azure rəqəmsal ekizlərlə istehsal, enerji sərfiyyatı, nəqliyyat axınları və şəhər infrastrukturlarını optimallaşdırır, nasazlıqları öncədən müəyyən edir və riskləri proqnozlaşdırır. XXI əsrdə sənaye rəqabəti məlumatların idarə olunması, rəqəmsal modelləşdirmə və süni intellekt əsaslı qərarvermə üzərində qurulur. Bu baxımdan, “Rəqəmsal arxitektura” və “ekiz şəhər” texnologiyaları informasiya infrastrukturunu optimallaşdırmaqla kifayətlənmir, urbanizasiya və şəhərsalma proseslərinin modernləşdirilməsi üçün strateji vasitəyə çevrilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq ili” elan edilmişdir. Bu sərəncam şəhərsalma fəaliyyətinin prioritet istiqamətlərini – paytaxt və regionların tarazlı inkişafının təmin olunması, dayanıqlı məskunlaşmanın təşviqi və urbanizasiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini – vurğulayır. Eyni zamanda, ölkəmizə urbanizasiya və davamlı inkişaf sahələrində yeni imkanlar açır və rəqəmsal ekiz texnologiyalarının tətbiqi üçün strateji zəmin yaradır. Bu kontekst “Ekiz Şəhər” texnologiyasının Mingəçevir və digər regionlarda şəhər infrastrukturunun elmi əsaslarla modelləşdirilməsi və idarə olunması üçün əlverişli perspektivlər təqdim edir.

Virtual modelləşdirmə və real vaxtda idarəetmə imkanları şəhər planlaşdırılmasını daha effektiv, resurs istifadəsini optimallaşdırılmış və qərarverməni proaktiv əsaslı edir (şəkil 1).

Şəkil 1. Rəqəmsal Ekiz infrastrukturu

Beləliklə, Azərbaycanın rəqəmsal transformasiya strategiyası yalnız texnologiyanın tətbiqi deyil, həm də urbanizasiya və şəhərsalma sahəsində innovativ idarəetmə modellərinin formalaşdırılması üçün əsas platforma rolunu oynayır. Bu strategiya, eyni zamanda, ölkəmizi rəqəmsal gələcəyi izləyən deyil, onu formalaşdıran lider ölkələr sırasında mövqeyini gücləndirməyə yönəldir.

Rəqəmsal arxitektura müasir şəhər sistemlərinin informasiya strukturlarını, xidmət platformalarını, məlumat axınlarını və idarəetmə mexanizmlərini vahid inteqrasiya olunmuş model üzərində qurmaq kimi tərif edilir. Bu inteqrasiya yalnız texniki infrastrukturun deyil, həm də funksional və idarəetmə səviyyələrinin qarşılıqlı əlaqəsinin koordinasiyasını təmin edir.

Mövcud dövrdə şəhərsalma və urbanizasiya siyasətləri artıq yalnız fiziki obyektlər və infrastruktur layihələri üzərində formalaşmır. Bu siyasətlər sensor sistemləri, böyük verilənlər analitikası, süni intellekt və real vaxt idarəetmə alqoritmləri ilə tamamlanır ki, bunun mərkəzində də “Ekiz Şəhər” (Digital Twin Smart City) texnologiyası dayanır.

Ekiz şəhər – real vaxtda fəaliyyət göstərən virtual replikasıdır (şəkil 2).

Şəkil 2. “Ekiz şəhər” infrastukturu

Sensorlardan, IoT cihazlarından və digər məlumat mənbələrindən gələn böyük həcmdə verilənlər bu virtual modelə daxil edilir və şəhərin funksional vəziyyəti real zamanlı izlənir. Bu prinsip nəticəsində fiziki şəhərdə baş verən dinamik proseslər virtual mühitdə simulyasiya edilir və planlaşdırma, sınaq və proqnozlaşdırma üçün etibarlı qərar dəstəyi meydana çıxır

Qlobal təcrübə göstərir ki, bir çox inkişaf etmiş şəhərlər urbanizasiya və şəhərsalma proseslərinin daha səmərəli idarə olunması üçün rəqəmsal ekiz (Digital Twin) texnologiyalarını tətbiq etməyə başlamışdır. Bu istiqamətdə Sinqapur dünyada “Ekiz Şəhər” texnologiyasını geniş miqyasda tətbiq edən ilk ölkələrdən biri hesab olunur. Burada həyata keçirilən “Virtual Singapore” layihəsi şəhərin tam üçölçülü rəqəmsal modelinin yaradılmasına əsaslanır. Bu model vasitəsilə şəhərin binaları, nəqliyyat infrastrukturu, enerji sistemləri və ətraf mühit göstəriciləri real vaxt rejimində analiz edilir. Platforma urban planlaşdırma, fövqəladə halların idarə olunması və ekoloji monitorinq üçün geniş istifadə olunur. Məsələn, yeni tikinti layihələrinin şəhərin günəş işığına, külək axınlarına və nəqliyyat sisteminə təsiri əvvəlcədən virtual mühitdə simulyasiya edilərək qiymətləndirilir. Bu yanaşma şəhərsalma qərarlarının daha elmi və əsaslandırılmış şəkildə qəbul edilməsinə imkan yaradır.

Finlandiyanın Helsinki şəhəri də rəqəmsal ekiz texnologiyasını tətbiq edən qabaqcıl şəhərlərdən biridir. Helsinki 3D şəhər modeli vasitəsilə şəhərin bütün ərazilərinin detallı rəqəmsal xəritəsi və virtual modeli yaradılmışdır. Bu model şəhər planlaşdırması, enerji səmərəliliyi və iqlim strategiyalarının hazırlanması üçün istifadə olunur. Məsələn, binaların enerji istehlakı və günəş panellərinin potensialı rəqəmsal model üzərində analiz edilərək şəhərin enerji balansının optimallaşdırılması istiqamətində qərarlar qəbul edilir. Nəticədə bu yanaşma şəhərin dayanıqlı və ekoloji baxımdan davamlı urban inkişaf strategiyasının formalaşmasına mühüm töhfə verir.

Yaxın Şərq regionunda isə Dubay şəhəri rəqəmsal şəhər texnologiyalarının tətbiqində lider mövqedədir. “Dubai Digital Twin” layihəsi şəhərin nəqliyyat, enerji və infrastruktur sistemlərinin süni intellekt və böyük verilənlər analitikası vasitəsilə idarə olunmasına imkan yaradır. Şəhərin rəqəmsal ekiz modeli real vaxt rejimində əldə olunan məlumatları analiz edərək nəqliyyat sıxlığının azaldılması, enerji istehlakının optimallaşdırılması və ictimai təhlükəsizlik sistemlərinin koordinasiyası kimi funksiyaları yerinə yetirir. Bu model Dubayın “Smart City” strategiyasının əsas texnoloji platformalarından biri hesab olunur və şəhər idarəçiliyində innovativ yanaşmanın tətbiqini nümayiş etdirir.

Asiya regionunda isə Şanxay şəhəri rəqəmsal ekiz texnologiyasının geniş tətbiqi ilə seçilir. Dünyanın ən böyük meqapolislərindən biri olan bu şəhərdə milyonlarla sensor və informasiya sistemi vasitəsilə toplanan məlumatlar vahid rəqəmsal platformada birləşdirilir. Şəhərin virtual modeli vasitəsilə nəqliyyat axınları, enerji sistemləri və kommunal xidmətlər real vaxt rejimində analiz olunur və idarə edilir. Bu sistem eyni zamanda fövqəladə halların operativ şəkildə idarə olunmasına və şəhər xidmətlərinin daha koordinasiyalı fəaliyyətinə imkan yaradır. Şanxay modeli xüsusilə böyük şəhərlərin idarə olunmasında süni intellekt və böyük verilənlər texnologiyalarının effektiv tətbiqini nümayiş etdirən mühüm nümunələrdən biri hesab olunur.

Beləliklə, qlobal təcrübə göstərir ki, rəqəmsal ekiz texnologiyaları şəhərlərin idarə olunmasında yeni mərhələ formalaşdırır. Bu texnologiyalar şəhərin virtual modelinin yaradılmasına, real vaxt məlumatlarının analizinə və urban planlaşdırma proseslərinin proqnozlaşdırma əsaslı həyata keçirilməsinə imkan verir. Bunun nəticəsində şəhər infrastrukturlarının idarə olunması daha səmərəli olur, resursların istifadəsi optimallaşdırılır və urban inkişaf strategiyaları daha elmi əsaslarla formalaşdırılır. Bu təcrübələr göstərir ki, gələcəkdə rəqəmsal arxitektura və “Ekiz Şəhər” texnologiyaları urbanizasiya və şəhərsalma siyasətlərinin əsas texnoloji platformalarından birinə çevriləcəkdir.

Süni intellekt alqoritmləri rəqəmsal ekiz modellərində toplanan məlumatları təhlil edir və proaktiv qərarvermə mexanizmlərini aktivləşdirir. Məqsəd yalnız vəziyyətin izahı deyil, gələcək ssenarilərin proqnozlaşdırılmasıdır ki, bu da şəhərsalmanın effektivliyini artırır. Bu yanaşma nəticəsində şəhər xidmətləri:

  • nəqliyyat sıxlığını idarə edir,
  • enerji və kommunal resurslarının istifadəsini optimallaşdırır,
  • fövqəladə hallar idarəçiliyini qabaqcadan planlaşdırır.

Effektiv rəqəmsal arxitektura vahid standartlaşdırılmış platformada bütün məlumat sistemlərini sinxronlaşdırmalıdır. Əks halda, parçalalı və uyğunsuz verilənlər bazaları virtual modelin reallığı düzgün əks etdirməməsinə səbəb olur. Buna görə interoperabil sistemlər və standartlaşdırılmış məlumat mübadiləsi mexanizmləri strateji prioritetə çevrilir.

Azərbaycanın rəqəmsal transformasiya strategiyasının tərkib hissəsi kimi regional şəhərlərin də rəqəmsal ekiz modellərinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə Mingəçevir şəhəri enerji, sənaye və logistika baxımından ölkənin strateji şəhərlərindən biri olduğu üçün “Ekiz Şəhər” texnologiyasının tətbiqi üçün uyğun pilot platforma hesab edilə bilər. Mingəçevir şəhərinin rəqəmsal ekiz modelinin yaradılması şəhər infrastrukturunun daha səmərəli idarə olunmasına, urban planlaşdırma proseslərinin optimallaşdırılmasına və resurslardan daha effektiv istifadə olunmasına imkan verə bilər (şəkil 3).

Şəkil 3. Mingəçevir şəhərinin rəqəmsal ekizi

Mingəçevir şəhərinin rəqəmsal ekizinin formalaşdırılması üçün ilk növbədə şəhərin rəqəmsal məlumat bazasının yaradılması tələb olunur. Bu mərhələdə şəhərin bütün infrastrukturu – yaşayış binaları, sənaye obyektləri, nəqliyyat şəbəkəsi, su və enerji sistemləri, park və yaşıllıq zonaları – yüksək dəqiqlikli 3D rəqəmsal modellər şəklində xəritələşdirilməlidir. Bunun üçün peyk məlumatları, dron çəkilişləri, LiDAR texnologiyası və coğrafi informasiya sistemlərindən (GIS) istifadə olunması zəruridir.

Növbəti mərhələdə şəhərin müxtəlif infrastruktur elementləri üzərində sensor və IoT (Internet of Things) sistemləri quraşdırılmalıdır. Bu sensorlar vasitəsilə nəqliyyat axını, hava keyfiyyəti, enerji istehlakı, su təchizatı və digər şəhər xidmətlərinə dair məlumatlar real vaxt rejimində toplanaraq rəqəmsal platformaya ötürülür. Toplanan məlumatların vahid sistemdə inteqrasiyası şəhərin virtual modelinin dinamik şəkildə işləməsini təmin edir.

Rəqəmsal ekiz modelinin effektiv fəaliyyət göstərməsi üçün bulud texnologiyaları və böyük verilənlər infrastrukturu mühüm rol oynayır. Bu məqsədlə məlumatların saxlanması və emalı üçün yüksək performanslı data mərkəzləri və bulud platformaları istifadə edilməlidir. Bu platformalar vasitəsilə müxtəlif mənbələrdən daxil olan məlumatlar inteqrasiya edilir, analiz olunur və vizuallaşdırılır.

Mingəçevir şəhərinin rəqəmsal ekiz modelində süni intellekt və analitik alqoritmlər də mühüm funksiyanı yerinə yetirir. Süni intellekt vasitəsilə toplanmış məlumatlar təhlil edilir, urban inkişaf ssenariləri modelləşdirilir və şəhərin gələcək inkişafı ilə bağlı proqnozlar hazırlanır. Məsələn, nəqliyyat sıxlığının azaldılması, enerji istehlakının optimallaşdırılması və fövqəladə halların idarə olunması kimi məsələlər süni intellekt əsaslı analitik sistemlər vasitəsilə daha effektiv şəkildə həll edilə bilər.

Bununla yanaşı, rəqəmsal ekiz modelinin idarə olunması üçün vahid şəhər idarəetmə platformasının (Urban Digital Platform) yaradılması vacibdir. Bu platforma vasitəsilə şəhərin müxtəlif xidmətləri – nəqliyyat, enerji, kommunal xidmətlər, təhlükəsizlik və ekoloji monitorinq – koordinasiya olunur və real vaxt rejimində idarə edilir. Belə bir sistem şəhər rəhbərliyinə operativ qərarvermə imkanları yaradır və urban idarəetmənin səmərəliliyini artırır.

Beləliklə, Mingəçevir şəhərinin rəqəmsal ekiz modelinin yaradılması üçün əsas texnoloji komponentlər aşağıdakılardır: şəhərin 3D rəqəmsal modeli, sensor və IoT infrastrukturu, böyük verilənlər və bulud platformaları, süni intellekt əsaslı analitika sistemləri və vahid şəhər idarəetmə platforması. Bu komponentlərin inteqrasiyası nəticəsində Mingəçevir şəhərinin rəqəmsal ekiz modeli formalaşa bilər və bu model şəhərin davamlı inkişafı, urban planlaşdırmanın optimallaşdırılması və resursların daha səmərəli idarə olunması üçün strateji alət rolunu oynaya bilər.

Araşdırmalar göstərir ki, rəqəmsal arxitektura və süni intellekt əsaslı “Ekiz şəhər” texnologiyaları müasir urbanizasiya proseslərinin transformasiyasında mühüm rol oynayır. Qlobal təcrübə göstərir ki, rəqəmsal ekiz modelləri şəhər infrastrukturlarının real vaxt rejimində monitorinqinə, urban planlaşdırmanın optimallaşdırılmasına və resursların daha səmərəli idarə olunmasına imkan yaradır.

Azərbaycanın həyata keçirdiyi rəqəmsal transformasiya strategiyası bu texnologiyaların ölkədə tətbiqi üçün mühüm institusional və texnoloji baza formalaşdırır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “Smart City” və “Smart Village” layihələri gələcəkdə rəqəmsal ekiz şəhər modellərinin tətbiqi üçün pilot platforma rolunu oynaya bilər.

Beləliklə, rəqəmsal arxitektura, süni intellekt və böyük verilənlər texnologiyalarının inteqrasiyası Azərbaycanın urban inkişaf strategiyasının yeni mərhələsini formalaşdırır və ölkənin rəqəmsal iqtisadiyyatın qlobal sistemində rəqabət qabiliyyətini artırır.

dosent, texnika üzrə fəlsəfə doktoru, Aidə Mustafayeva

Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru