Mingəçevir Dövlət Universitetində sosial ədalət və universitetlərin cəmiyyət qarşısında məsuliyyəti mövzusunda seminar keçirilib

  • Post category:Events

Mingəçevir Dövlət Universitetində “Sosial Ədalət və Universitetlərin Cəmiyyət qarşısında məsuliyyəti” mövzusunda seminar təşkil olunub. Tədbir universitetin Tələbələrlə iş şöbəsi ilə Pedaqogika və psixologiya kafedrasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Seminarda Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva mövzu ilə bağlı təqdimatla çıxış edib. O, sosial ədalət anlayışının mahiyyəti və cəmiyyətin inkişafında oynadığı mühüm rol barədə ətraflı məlumat verib. Bildirilib ki, sosial ədalət insanların hüquq, imkan və resurslara bərabər çıxışını təmin edən əsas prinsiplərdən biridir və bu yanaşma cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Çıxış zamanı universitetlərin yalnız bilik verən təhsil müəssisələri olmadığı, eyni zamanda cəmiyyətin sosial və intellektual inkişafına töhfə verən mühüm institutlar olduğu vurğulanıb. Qeyd edilib ki, ali təhsil müəssisələri hər kəs üçün bərabər təhsil imkanlarının yaradılması, elmi araşdırmaların genişləndirilməsi və ictimai maarifləndirmə fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm rol oynayır.

Seminar çərçivəsində tələbələrlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, sosial ədalətin təmin olunmasında universitetlərin və gənclərin rolu geniş müzakirə olunub. Tədbirin əsas məqsədinin tələbələrdə sosial məsuliyyət hissinin gücləndirilməsi və cəmiyyətə faydalı vətəndaşların formalaşmasına töhfə vermək olduğu bildirilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin sosial məsuliyyət və vətəndaşlıq dəyərləri əsasında formalaşmasına xüsusi önəm verilir, bu istiqamətdə müxtəlif maarifləndirici seminarlar, təlimlər və müzakirələr mütəmadi olaraq təşkil olunur.