Mingəçevir Dövlət Universitetinin Biznes və menecment kafedrasının təşkilatçılığı ilə “Sənaye təhlükəsizliyi və smart infrastruktur” mövzusunda müsabiqə keçirilib. Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə universitetin tələbələrindən ibarət komandalar iştirak edərək mövzu üzrə hazırladıqları innovativ ideya və həlləri təqdim ediblər.
Tədbirin əsas məqsədi tələbələr arasında sənaye təhlükəsizliyi, risklərin idarə olunması və müasir smart infrastruktur yanaşmaları barədə bilik və bacarıqların artırılması, eyni zamanda innovativ düşüncənin və komanda işinin təşviq edilməsi olub. Müsabiqə çərçivəsində iştirakçılar sənaye müəssisələrində təhlükəsizlik standartlarının tətbiqi, texnoloji həllərin effektiv istifadəsi və rəqəmsal idarəetmə sistemlərinin imkanları barədə təqdimatlarla çıxış ediblər.
Müsabiqədə Mingəçevir Dövlət Universitetinin tələbələrindən ibarət üç komanda – “Sensible Guys”, “Zəfər” və “SKY Shield” iştirak edərək sənaye təhlükəsizliyinin gücləndirilməsi və smart infrastrukturun inkişafına yönəlmiş ideya və layihələrini təqdim ediblər. Komandaların təqdimatlarında müasir texnologiyaların tətbiqi, sənaye mühitində risklərin azaldılması və təhlükəsizlik sistemlərinin optimallaşdırılması ilə bağlı müxtəlif innovativ yanaşmalar nümayiş etdirilib.
Tədbir zamanı vurğulanıb ki, bu kimi təşəbbüslər tələbələrin praktiki biliklərinin inkişaf etdirilməsi, onların real sektorun çağırışlarına uyğun innovativ həllər təqdim etməsi və universitet–sənaye əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin innovativ düşüncəsinin, texnoloji bacarıqlarının və təhlükəsiz istehsal mühitinə dair biliklərinin inkişafına yönəlmiş bu kimi təşəbbüslər müasir sənaye və infrastruktur həllərinin təşviqi, dayanıqlı və təhlükəsiz şəhər mühitinin formalaşdırılması, eləcə də keyfiyyətli və tətbiq yönümlü ali təhsil mühitinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.