MDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan elminin görkəmli nümayəndəsi, tanınmış kimyaçı alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Yusif Məmmədəliyevin elmi mirası və XXI əsrdə kimyanın çağırışları” mövzusunda elmi-praktik seminar təşkil edilib. Tədbir 20 noyabr 2025-ci il tarixində MDU-nun III tədris binasında yerləşən Heydər Əliyev muzeyində keçirilib.
Seminar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Yusif Məmmədəliyevin Azərbaycan elminə verdiyi töhfələri yüksək dəyərləndirən fikirləri ilə açıq elan olunub. Dövlət başçısının neft kimyasının inkişafında alimin müstəsna rolunu vurğulayan sözləri tədbirin məzmununa xüsusi ideya istiqaməti verib: “Yüksək oktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsi Yusif Məmmədəliyevə şöhrət qazandırmışdır”.
Seminarın moderatoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Təranə Yusibova iştirakçıları salamlayaraq akademikin elmi mirasının bu gün də aktuallığını qoruduğunu bildirib. Ardınca “Akademik Yusif Məmmədəliyev – Elmdə yol açan irs” adlı videoçarx nümayiş olunub.
Elmi-praktik seminar çərçivəsində kafedranın müəllimlərinin məruzələri dinlənilib. Belə ki, dosent Adil Aslanov
“Çətin həll olunan metal sulfidlərin həllolma kriterlərinin termodinamik və kimyəvi təhlili”, Sanur Bəylərli-Sədiyeva “Karbonsuzlaşdırma proseslərində kimyanın rolu” və Səbinə Məmmədova “Azərbaycanda yaşıl hidrogendən istifadənin perspektivləri” mövzularında məruzələrlə çıxış ediblər .
Məruzələr XXI əsrdə kimyanın aktual problemləri — yaşıl enerji, karbonsuzlaşdırma, tətbiqi kimyanın yeni istiqamətləri və müasir sənayedə kimya elminin rolu ətrafında nəzəri və praktiki baxışların müzakirəsinə imkan yaradıb.
Tədbirin sonunda mövzu ilə bağlı geniş müzakirələr aparılıb və iştirakçılar akademik Yusif Məmmədəliyevin elmi irsinin çağdaş elmi problemlərin həllində əhəmiyyətini vurğulayıblar.