Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə Mingəçevir Su Elektrik Stansiyasında (SES) “Su–Enerji–Qida əlaqəsi və davamlı inkişaf” mövzusunda genişmiqyaslı maarifləndirici təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd su, enerji və qida resursları arasında mövcud olan strateji qarşılıqlı əlaqə barədə məlumatlılığın artırılması, bu resursların sosial-iqtisadi inkişafda oynadığı rolun izah edilməsi və ekoloji tarazlığın qorunması istiqamətində tələbə və gənc mütəxəssislərin biliklərinin zənginləşdirilməsi olub.
Təlimi giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin Energetika kafedrasının müdiri Kəmalə Eyyubova açaraq müasir dövrdə “Su–Enerji–Qida” (WEF Nexus) modelinin aktuallığından bəhs edib. O, resursların ayrı-ayrılıqda deyil, vahid sistem kimi idarə olunmasının vacibliyini vurğulayaraq bildirib ki, enerji keçidi və iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının səmərəli idarə olunması enerji təhlükəsizliyi və qida zəncirinin davamlılığı üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, universitetin əsas məqsədlərindən biri gənc mütəxəssislərdə resursların inteqrasiyalı və səmərəli idarəetməsi ilə bağlı müasir yanaşmaları formalaşdırmaqdır.
Mingəçevir Su Elektrik Stansiyasının Texniki istehsalat şöbəsinin rəisi Əli İbrahimli çıxış edərək su elektrik stansiyalarının həm enerji istehsalı, həm də su ehtiyatlarının tənzimlənməsi baxımından strateji əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, istehsalat prosesində texniki təhlükəsizlik qaydalarına riayət olunmasının və su ehtiyatlarından səmərəli istifadənin ekoloji balansın qorunması və dayanıqlı enerji istehsalı üçün vacib amillərdən biri olduğunu qeyd edib.
Təlim çərçivəsində Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimləri Gülnaz İsmayılova və Gülnar Nəsirova tərəfindən su, enerji və qida resursları arasında qarşılıqlı asılılığın iqtisadi aspektlərinə dair geniş məruzələr təqdim olunub. Çıxışlarda kənd təsərrüfatında qida istehsalının su və enerji resurslarından birbaşa asılı olduğu, eyni zamanda enerji istehsalında su ehtiyatlarının mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, bu resursların vahid sistem kimi idarə olunması davamlı iqtisadi inkişafın təmin edilməsində mühüm əhəmiyyət daşıyır.
Energetika kafedrasının magistrantı Sevda Əliyeva isə təqdimatında enerji istehsalı prosesində suyun rolu, alternativ enerji mənbələrinin əhəmiyyəti və enerji sistemlərinin davamlı inkişaf prinsiplərinə uyğun idarə olunması barədə texniki məlumatlar təqdim edib. O, təbii resurslardan səmərəli istifadə və onların qorunmasının gələcək nəsillər üçün mühüm məsuliyyət olduğunu diqqətə çatdırıb.
Təlimin sonunda iştirakçılarla su ehtiyatlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və enerjidən səmərəli istifadənin əhəmiyyəti ilə bağlı geniş müzakirələr aparılıb.
Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər tələbə və gənc mütəxəssislərdə Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində resursların səmərəli idarə olunması və ekoloji məsuliyyətli yanaşmanın formalaşdırılmasına mühüm töhfə verir.