2025-ci ilin 3 noyabr tarixində Mingəçevir Su Elektrik Stansiyasında (SES) Mingəçevir Dövlət Universitetinin Energetika və Fizika və ekologiya kafedralarının birgə təşkilatçılığı ilə tələbələr və SES əməkdaşları üçün “Su resurslarının dayanıqlı idarə edilməsi” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi su ehtiyatlarının qorunması, onların səmərəli və dayanıqlı istifadəsi istiqamətində maarifləndirmənin gücləndirilməsi və su resurslarının idarə olunması sahəsində biliklərin artırılması olub.
Təlimdə Energetika kafedrasının müəllimi Mədinə Əliyeva və Fizika və ekologiya kafedrasının müəllimi Vüqar Sarıyev mövzu üzrə təqdimatla çıxış ediblər. Təqdimat zamanı su ehtiyatlarının qorunması, onların səmərəli və dayanıqlı istifadəsi, su anbarlarının idarə olunması, su itkilərinin azaldılması və su hövzələrinin ekoloji tarazlığının qorunması məsələləri barədə iştirakçılara geniş məlumat verilib.
Çıxışlarda su elektrik stansiyalarının fəaliyyətində su resurslarının düzgün planlaşdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, su resursları yalnız enerji istehsalında deyil, eyni zamanda regionun sosial-iqtisadi inkişafında mühüm rol oynayır.
Təlim zamanı bildirilib ki, su resurslarının dayanıqlı idarə olunması elektrik enerjisinin sabit istehsalını təmin etməklə yanaşı, təbii ekosistemlərin qorunmasına və gələcək nəsillər üçün su ehtiyatlarının saxlanmasına xidmət edir. Həmçinin su elektrik stansiyalarının ölkənin enerji sistemində mühüm yer tutduğu, maya dəyəri baxımından burada istehsal olunan elektrik enerjisinin daha sərfəli olduğu iştirakçıların diqqətinə çatdırılıb.
Təlim çərçivəsində su resurslarının səmərəli istifadəsi, ekoloji təhlükəsizliyin qorunması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.