Təhsil naziri Mingəçevir Dövlət Universitetində magistrantların “Poster Sessiyası”na baxış keçirib

İyunun 28-də Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev Mingəçevir Dövlət Universitetində (MDU) cari il üzrə magistratura məzunlarının dissertasiya işlərindən ibarət “Poster Sessiyası”na baxış keçirib.

Mühəndislik, iqtisadiyyat və təhsil istiqamətləri üzrə magistratura məzunları ilə səmimi söhbət edən nazir onların tədqiqat işlərinin nəticələri ilə tanış olub və məmnunluğunu ifadə edib.

MDU-nun rektoru Şahin Bayramov universitetin tarixində ilk dəfə keçirilən “Poster Sessiyası” barədə məlumat verib.

Təhsil naziri magistrantlarla xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, hər il keçirilməsi nəzərdə tutulan “Poster Sessiyası”nın əsas məqsədi magistrantlar tərəfindən həyata keçirilən tədqiqatların əsas nəticələrinin geniş ictimaiyyətə çatdırılmasından ibarətdir.