MDU tələbələri pedaqoji və istehsalat təcrübəsinə başlayırlar

2023-cü il fevralın 15-də Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin pedaqoji və istehsalat təcrübəsinə göndərilən sonuncu kurs tələbələri ilə görüşlər keçirilib.

Universitetin akademik və inzibati heyət üzvlərinin, o cümlədən təcrübə rəhbərlərinin də iştirak etdikləri görüşlərdə istehsalat təcrübəsinin ali təhsildə önəmi və yaratdığı fürsətlər vurğulanıb. Təcrübənin təşkili və keçirilməsi ilə bağlı bütün hazırlıq işlərinin görüldüyü və müvafiq məlumatlandırmanın həyata keçirildiyi diqqətə çatdırılıb. Tələbələrə təcrübədə olacaqları müəssisələrdə müvafiq qaydalara və tapşırıqlara əməl etmələri tövsiyə olunub və onlara uğurlar arzulanıb.

Göstərilən diqqətə görə tələbələr universitet rəhbərliyinə və kollektiv üzvlərinə təşəkkürlərini bildiriblər.  

Qeyd edək ki, 2022/2023-cü tədris ilində MDU-nun Təhsil fakültəsi üzrə 259, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 200 və Mühəndislik fakültəsi üzrə isə 94 olmaqla ümumilikdə 553 tələbəsi 22 müəssisəyə pedaqoji və istehsalat təcrübəsinə göndərilir.