Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev anadan olmasının 101-ci ildönümündə qədirbilən xalqımız tərəfindən dərin ehtiram və sonsuz minnətdarlıq hisləri ilə anılır. Milli dövlətçiliyimizin formalaşdırılması və hərtərəfli inkişafı naminə misilsiz və tarixi xidmətlər göstərən, müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər hələ sağlığında xalqın qəlbində əbədi heykəlini ucaldıb.
Sovet dönəmində qətiyyətli və uzaqgörən rəhbərliyi sayəsində Azərbaycanı digər respublikalar arasında yüksək mövqelərə çıxaran dahi şəxsiyyət amansız imperiya rejiminin çətinliklərinə baxmayaraq, düşünülmüş, ardıcıl və sistemli fəaliyyətləri ilə ölkəmizin müstəqil mövcudluğu və inkişafı üçün zəruri olan bütün əsasları formalaşdıra bilib. Neft sənayesinin inkişafı, müxtəlif emal müəssisələrinin yaradılması, kadr potensialının gücləndirilməsi, xüsusilə də milli hərbi kadrların yetişdirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət və digər sahələrə yüksək diqqət və qayğının göstərilməsi Azərbaycanda tərəqqiyə, intibaha və milli şüurun oyanışına gətirib çıxarmışdı. Danılmaz həqiqətdir ki, məhz Heydər Əliyevin unikal liderlik keyfiyyətləri sayəsində əldə olunmuş bu titanik nailiyyətlər müstəqilliyimizin qazanılmasında mühüm rol oynayıb, ölkəmizin gələcək inkişafının möhkəm və etibarlı bazasını təşkil edib.
Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib. O bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanı məhv olmaq təhlükəsindən qurtaran dahi rəhbər tarixin ən çətin sınaqlı dövründə yenidən xilaskarlıq missiyasının öhdəsindən layiqincə və şərəflə gəldi: “Bu baxımdan, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı milli dövlətçilik tariximizdə həyati əhəmiyyətli dönüş anı, dinamik, davamlı və hərtərəfli inkişafa, milli qürurumuzu özümüzə qaytaran tarixi Zəfərə aparan yolun başlanğıcı hesab edilir. 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən kompleks və sistemli islahatlar sayəsində ölkə qarşısında duran tarixi vəzifələr uğurla icra olunub. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi sürətlə inkişaf etməyə başlayıb. Xalqımızın və dövlətimizin bugünkü uğurları, ölkəmizdə hökm sürən dayanıqlı sabitlik və firavanlıq, məhz Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Ümummilli Liderimizin azərbaycançılıq məfkurəsinə sadiqlik və hərtərəfli inkişaf strategiyasının uğurla davam etdirilməsi sayəsində Azərbaycan şanlı qələbələrin və möhtəşəm uğurların başlıca amillərindən hesab edilən güclü iqtisadiyyata, müasir orduya, sarsılmaz xalq və iqtidar birliyinə, vətəndaş həmrəyliyinə nail olub”.
Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyev üçün Qarabağa qayıdış hər zaman prioritet təşkil edirdi. Onun ən böyük arzusu yenidən Qarabağı, onun incisi Şuşanı, işğal edilmiş rayonlarımızın azad edilməsi idi. Qürurvericidir ki, Ümummilli Liderimizin layiqli varisi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. “Qarabağ Azərbaycandır!” şüarı ilə milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələri 30 illik yurd həsrətinə 44 gündə son qoyaraq xalqın sınmış qürurunu özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Eləcə də aparılan 1 günlük antiterror tədbirləri sayəsində ölkəmiz ərazi bütövlüyü və suverenliyini tam təmin etdi. Milli təqvimimizdə qara hərflərlə yazılan işğal tarixlərimiz zəfər tarixləri ilə əvəz olundu. Xalqımız “acı məğlubiyyət sindromundan” həmişəlik qurtuldu.
“Hazırda Ümummilli Lider Heydər Əliyevdən bizə miras qalmış yenilməz dövlətçiliyimiz Prezident İlham Əliyevin mübarizliyi, cəsarəti, qətiyyəti və misilsiz əməlləri sayəsində daha da möhkəmlənir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işləri sayəsində doğma torpaqlarımız sürətlə dirçəlir, abadlaşır və Böyük Qayıdış uğurla icra olunur. Beynəlxalq siyasi arenada mövqelərini daha da gücləndirən və regionda söz sahibinə çevrilən Azərbaycan davamlı olaraq möhtəşəm diplomatik qələbələrə imza atır. Əminik ki, milli dövlətçiliyimizin parlaq gələcəyini təmin edən bu nəhəng uğurlar Ulu Öndərin zəngin irsinə yüksək sədaqəti ifadə edərək onun ruhunu şad edir”, – deyə Ş.Bayramov fikrini yekunlaşdırıb.