Mingəçevir Dövlət Universitetində zəlzələ zamanı davranış qaydalarına dair maarifləndirici videoçarx nümayiş olunur

  • Post category:MSU News

Mingəçevir Dövlət Universitetində fövqəladə hallar zamanı təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və universitet ictimaiyyətinin maarifləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış “Zəlzələ zamanı nə etməli?” mövzusunda məlumatlandırıcı videoçarx nümayiş etdirilir.

Videoçarx universitetin əsas foyesində yerləşən monitorda mütəmadi olaraq yayımlanır, eyni zamanda MDU-nun rəsmi sosial şəbəkə hesablarında və rəsmi saytında paylaşılaraq tələbə, əməkdaş və geniş ictimaiyyət üçün əlçatan edilir.

Maarifləndirici materialda zəlzələ zamanı düzgün davranış qaydaları, panikaya yol verməmək, təhlükəsiz mövqe seçmək, pəncərə, şüşə vitrin, ağır mebel və elektrik avadanlıqlarından uzaq durmaq, bina daxilində və açıq ərazidə hərəkət zamanı diqqət edilməli məqamlar barədə vacib məlumatlar təqdim olunur. Videoçarxda, həmçinin zəlzələ baş verdiyi anda liftdən istifadə etməmək, pilləkənlərə tələsməmək, masa və ya möhkəm konstruksiya altında qorunmaq, baş və boyun nahiyəsini müdafiə etmək kimi ilkin təhlükəsizlik qaydaları izah edilir.

Bununla yanaşı, universitetdə fövqəladə hallara hazırlıq istiqamətində maarifləndirmə tədbirləri yalnız videoçarxın nümayişi ilə məhdudlaşmır. Mingəçevir Dövlət Universitetində fövqəladə hallarla bağlı yaradılmış Komissiya tərəfindən tələbələr arasında zəlzələ və digər təbii fəlakətlər zamanı davranış qaydalarına dair mütəmadi maarifləndirici söhbətlər aparılır. Görüşlərdə fövqəladə vəziyyətlər zamanı ilkin davranış qaydaları, təhlükəsiz təxliyə, panikanın qarşısının alınması, fərdi məsuliyyət və kollektiv təhlükəsizlik məsələləri barədə tələbələrə ətraflı məlumat verilir.

Məlumatlandırıcı videoçarxın nümayişi və maarifləndirici söhbətlərin təşkili MDU-da təhlükəsiz universitet mühitinin gücləndirilməsi, fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması və tələbə-gənclərdə məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, zəlzələ zamanı əsas məqsəd soyuqqanlılığı qorumaq, özünü və ətrafdakıları təhlükədən uzaq tutmaqdır. Qapalı məkanda olan şəxslər pəncərə və şüşə səthlərdən uzaq dayanmalı, möhkəm masa və ya qoruyucu konstruksiya altında daldalanmalı, titrəmə dayanmadığı müddətdə binanı tərk etməyə çalışmamalıdırlar. Açıq ərazidə olan şəxslər isə binalardan, elektrik xətlərindən, ağaclardan və digər təhlükəli obyektlərdən uzaqlaşaraq açıq və təhlükəsiz sahəyə keçməlidirlər.

Mingəçevir Dövlət Universiteti tələbə və əməkdaşların həyat və sağlamlığının qorunmasını prioritet istiqamətlərdən biri hesab edərək fövqəladə hallar, təhlükəsizlik, ilkin davranış qaydaları və risklərin azaldılması ilə bağlı maarifləndirmə işlərini davam etdirir.