Mingəçevir  Dövlət Universiteti Kayseri Universiteti ilə əməkdaşlığa başlayıb

Türkiyənin Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa Mingəçevir Dövlət Universitetinin (MDU) evsahibliyi etdiyi “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfransda iştirak məqsədilə bu ali təhsil müəssisəsində olub.

Ziyarət çərçivəsində  2023-cü ilin 7 dekabr tarixində MDU və Kayseri Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb.

Universitetin bir qrup akademik və inzibati heyət üzvünün iştirakı ilə keçirilən imzalanma mərasimində çıxış edən MDU-nun rektoru Şahin Bayramov və Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa əməkdaşlığın yaradılmasından məmnunluqlarını bildiriblər. Universitetlər arasında əməkdaşlığın potensial istiqamətləri diqqətə çatdırılaraq işbirliyinin qarşılıqlı faydalı olacağına əminlik ifadə olunub.

Sonra hər iki ali təhsil müəssisəsinin rektorları tərəfindən protokol imzalanıb. Protokol qarşılıqlı maraq doğuran sahələrdə universitetlərin ortaq fəaliyyətlərini ehtiva edir.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da potensialın gücləndirilməsi məqsədilə qardaş ölkənin universitetləri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verilir.