Mingəçevirdə “Tarix yazan əbədiyaşar lider” adlı elmi-bədii konfrans keçirilib

  • Post category:MDU xəbərləri

Mərkəzi Aran Regional Təhsil İdarəsi, 07.05.2024

Mayın 7-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Tarix yazan əbədiyaşar lider” adlı elmi-bədii konfrans keçirilib.

Konfransda Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, yerli icra hakimiyyəti orqanının və hüquq-mühafizə orqanlarının rəsmiləri, Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatnın sədri Bəxtiyar Mustafayev, media və ictimaiyyət nümayəndələri, ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak edib.

Konfransdan öncə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra məktəbdə təşkil olunan şagirdlərin rəsm-əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ədəbi-bədii konfransı giriş sözləri ilə açan Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova Ulu Öndərin bir tarixi şəxsiyyət kimi Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, Azərbaycan dövlətinin təşəkkül və inkişafında, eləcə də Azərbaycanın müasir tarixində şanlı səhifənin açılmasında ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir.

Çıxış edən Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov müasir və müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin istər ölkəyə 1969-1982-ci illərdəki hakimiyyəti dövründə, istərsə də müstəqillik qazanıldıqdan sonrakı dövrdə hər zaman təhsil sahəsinə xüsusilə diqqət etdiyini və bu sahədə gördüyü misilsiz xidmətlərindən danışıb. O, əbədiyaşar liderin ömrünü bütövlükdə doğma Azərbaycanın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf etdiyini vurğulayıb.

Daha sonra çıxış edənlər Heydər Əliyevin ana dilimizin inkişafında tarixi xidmətləri, milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı məlumat bildirib, o cümlədən ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında göstərdiyi əvəzsiz xidmətlər, hakimiyyətə gəldiyi dövrlərdəki çətin siyasi vəziyyətlərdə uzaqgörənliklə mübarizə aparması, ölkənin hərtərəfli inkişafı və dünya dövlətləri arasında söz sahibinə çevrilməsinə zəmin yaratması və ˝Təhsil millətin gələcəyidir!˝ deyərək təhsilin inkişaf etdirilməsindəki müstəsna xidmətləri haqqında məlumat verib.

Ədəbi-bədii konfrans çərçivəsində ümumi təhsil müəssisələrinin IX-X sinif şagirdləri arasında “Tarixin Heydər Əliyev səhifəsi” adlı intellektual bilik yarışı da təşkil olunub. Bilik yarışında Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi 1 şəhər və 6 rayonun ümumi təhsil müəssisələrinin IX-X sinif şagirdlərindən ibarət 7 komanda iştirak edib.

Maraqlı və gərgin keçən yarışda “Yevlax” komandası 1-ci yerə, “Kürdəmir” komandası 2-ci yerə və “Mingəçevir” komandası isə 3-cü yerə layiq görülüb.

Sonda qalib komandalar Mərkəzi Aran Regional Təhsil İdarəsinin diplom və kuboku ilə təltif olunub.

Qeyd edək ki, konfrans şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib, eyni zamanda dahi lider Heydər Əliyevin zəngin irsi və keçdiyi həyat yolundan bəhs edən sənədli filmə baxış keçirilib.