Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci  ildönümü münasibətilə şagirdlərə mühazirə oxunub

2024-cü il 7 may tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və  Mingəçevir şəhər Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Xalqının taleyinə nur saçan siyasət nəhəngi: Heydər Əliyev” mövzusunda mühazirə keçirilib.

Mingəçevir şəhər 16 saylı tam orta məktəbdə təşkil edilən tədbirdə MDU-nun və məktəbin müəllimləri, tələbələr və yuxarı sinif şagirdləri iştirak edib.

Öncə Ulu öndərin və qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət, uzaqgörən lider: Heydər Əliyev” adlı videoçarx nümayiş olunub.

MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi Mətanət Yusubova çıxış edərək Ulu Öndərin Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə hələ sağlığında xalqımızın qəlbində öz əbədi heykəlini ucaltdığını bildirib. Güclü siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı və fədakarlığı, zəngin idarəçilik təcrübəsi ilə Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyevin adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdığını vurğulayıb.

MDU-nun baş müəllimi İlham Məmmədov “Ümummilli lider Heydər Əliyevin şanlı həyat yolu müasir gənclik üçün nümunədir” mövzusunda məruzə edərək bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirib. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan Ulu öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verib və dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edibdir.

MDU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ayna Babazadə “Heydər Əliyev: Azərbaycan ədəbiyyatının ən böyük hamisi” adlı məruzə ilə çıxış edib. Vurğulayıb ki, Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən milli ədəbiyyatımızın, doğma ana dilimizin inkişafına böyük qayğı göstərib, eyni zamanda, şair və yazıçılarla tez-tez görüşərək onları milli ruh və kimliklə bağlı əsərlər yazmağa ruhlandırırdı. A.Babazadə bildirib ki, Ulu öndər hər vasitə ilə milli ədəbiyyatımızın inkişafının qayğısına qalıb, milli kimliyin əsas təbliğatçısı kimi onun mövqeyinin güclənməsinə çalışıb.

Tədbir müzakirələrlə davam edib. 

Qeyd edək ki, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilir və bu məqsədlə müxtəlif formatlı tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır.