MDU-da “Heydər Əliyev İli” çərçivəsində tələbələrin elmi konfransı keçirilib

  • Post category:MDU xəbərləri

2023-cü il noyabrın 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində “Heydər Əliyev İli” çərçivəsində “İqtisadiyyatın davamlı və dayanıqlı inkişaf istiqamətləri” mövzusunda Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi konfransı keçirilib. Konfransda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.

Əvvəlcə, Ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransın açılışında çıxış edən MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli 17 Noyabr – Milli Dirçəliş Günü və Beynəlxalq Tələbə Günü münasibətilə tədbir iştirakçılarına universitet rəhbərliyinin təbriklərini çatdırıb. Müstəqilliyimizin bərpasına gedən yolda dirçəliş tarixinin önəmindən danışan N.Qədimli bu dövrdə xalqımızın azadlıq mübarizəsinin mənəvi əsaslarının hələ sovet dönəmində ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə respublikamızda formalaşdırdığı sosial-iqtisadi və mənəvi-psixoloji bazadan qaynaqlandığını vurğulayıb. Qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir dövlətimizin hərtərəfli və dayanıqlı inkişaf strategiyası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlarla davam etdirilir. Qlobal nüfuzlu siyasətçi Heydər Əliyevin xalqımıza miras qoyduğu zəngin və çoxşaxəli dövlətçilik irsinin öyrənilməsi və təbliğinin universitetin şərəfli vəzifələrindən olduğunu qeyd edən N.Qədimli bu baxımdan konfransın əhəmiyyətini diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

Sonra konfransın proqramına uyğun olaraq, TEC-in sədri Günəş Şəfaqətovun moderatorluğu ilə məruzələr dinlənilib.

İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Fidan Babayeva “Azərbaycan xalqının taleyində ulu öndər Heydər Əliyevin tarixə çevrilmiş unudulmaz xatirələri”, Tacəddin Məmmədov “Azərbaycanın sosial-iqtisadi inkişafında ümummilli lider Heydər Əliyev imzası”,  Fidan Məlikaslanova və Tuqay Mikayılov “Azərbaycanda neft sənayesinin inkişafında Heydər Əliyevin xidmətləri”, Elbrus Quluzadə “Heydər Əliyev dühasından ilham alan milli inkişaf strategiyası”, Səbinə Əliyeva “Azərbaycanda dayanıqlı inkişafı təmin edən amillər” və Namiq Qədimli “Azərbaycan bank sisteminin müasir fəaliyyətinə qısa baxış (problemlər)” mövzusunda çıxış ediblər.

Fakültənin digər tələbələrindən Rəcəb Tanrıverdiyev “Müəssisələrin inkişafında rəqabətli insan kapitalı və müasir innovasiyaların rolu”, Tərlan Əliyev “Azərbaycanın dünya bazarlarına inteqrasiyasının strateji hədəfləri”, Rəşad Həsənov “Turizm destinasiya mərkəzi kimi Azərbaycanın beynəlxalq marketinq fəaliyyətləri”, Arzu Qasımova “Turizm fəaliyyətindən dövlət maliyyəsinə dəstək”, Coşqun Bahadurbəyli “Mədəni turizmin dayanıqlı turizm forması kimi Azərbaycanda yeri”, Pərihan Ələkbərova “Avarçəkmə idman növünün turizmin dayanıqlı inkişafında rolu” və Şəfiqə Bayramova “Azərbaycan: Güclü iqtisadi potensialı olan qalib ölkə kimi” mövzusunda məruzələrini təqdim ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında aparılan müzakirələrdən sonra konfrans başa çatıb.

Konfransdan sonra fakültə tələbələrinin təqdimatında Beynəlxalq Tələbə Gününə həsr edilmiş bədii tədbir təşkil edilib. Tədbirdə universitetin istedadlı tələbələrinin ifasında nəğmə və şeirlər səsləndirilib, rəqs nümayiş etdirilib.

Qeyd edək ki, MDU-da “Heydər Əliyev İli” çərçivəsində müxtəlif formatlı tədbirlər keçirilir.