Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı professor Cəfər Cəfərov olub

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı professor Cəfər Cəfərov olub

2020-ci ilin 17 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Görüşün qonağı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov olub.

“Müəllim hazırlığı” mövzusunda keçirilən görüşün moderatoru olan MDU-nun rektoru Şahin Bayramov tarix elmləri doktoru C.Cəfərovun bioqrafiyası barədə ətraflı danışıb, onun Moskva Dövlət Universitetində təhsil almasını diqqətə çatdırıb. 2016-cı ildən ADPU-ya rəhbərlik edən C.Cəfərovun peşəkar fəaliyyəti haqqında məlumat verən Ş.Bayramov onu ali təhsilin idarə edilməsi sahəsində təcrübəli mütəxəssis kimi xarakterizə edib.

C.Cəfərov regionda yerləşən MDU-nun tələbə, magistrant və professor-müəllim heyəti üzvlərinin iştirak etdiyi görüşə qatılmaqdan məmnunluğunu ifadə edib, pandemiya dövrünün reallıqlarına və son günlər mənfur qonşularımız tərəfindən törədilən təxribatlara toxunub.

Sonra C.Cəfərov “Müəllim hazırlığı” mövzusunda geniş nitq söyləyib. Professor öz çıxında təhsilin cəmiyyət həyatının inkişafındakı yüksək önəmi, milli təhsil və maarifçilik ənənələrimizin qorunmasının əhəmiyyəti, müəllim hazırlığında müşahidə olunan yeni trendlərə adekvat addımların atılmasının vacibliyi haqqında danışıb. Ulu Öndər Heydər Əliyevin “Mən yer üzündə müəllim adından uca ad tanımıram” tarixi deyimini xatırladan C.Cəfərov ölkəmizdə pedaqoji kadr hazırlığına göstərilən yüksək dövlət qayğısından, təhsildə varislik və müasirlik prinsiplərinin göslənilməsinin vacibliyindən, müəllimlərin milli şüurun formaaşdırılmasındakı müstəsna xidmətlərindən bəhs edib.

C.Cəfərov milli dəyərlərin qorunması, tarixi köklərimizə bağlılığın möhkəmləndirilməsi, yüksək mənəvi keyfiyyətlərin formalaşması, Azərbaycanlılıq məfkurəsinin aşılanması, vətənə, xalqa və dövlətə sevginin dərinləşdirilməsi baxımından müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Müəllimlərin işə qəbulu ilə bağlı şəffaf mexanizmin formalaşmasını və qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllimlik peşəsini seçməsini vurğulayan C.Cəfərov pedaqoji profil üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində ADPU-da görülən işlər barədə məlumat verib. Əmək bazarının sürətlə dəyişən tələblərindən bəhs edən qonaq gələcəyin müəllimlərini rəqəmsal bacarıqlarını və xarici dil biliklərini inkişaf etdirməyə, müəllim adını daim uca tutmağa çağırıb.

Daha sonra C.Cəfərov görüş iştirakçılarının universitet-orta məktəb əməkdaşlığının mövcud vəziyyəti, cari ilin sentyabrından tətbiq olunacaq yeni təhsil standartlarından gözləntilər, gələcəyin müəllimləri üçün vacib olan kompetensiyalar, şagirdlərin sevimli müəllimi olmağın sirləri, ADPU ilə ABŞ-ın Corc Vaşınqton Universiteti arasında reallaşdırılan birgə magistratura proqramı və digər məsələlərə dair çoxsaylı suallarını cavablandırıb.

“Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan səmimi görüş həm iştirakçıların, həm də qonağın böyük marağına səbəb olub.

Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində cari ilin 22 may tarixində keçirilən ilk görüşün qonağı BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, 17 iyun tarixində keçirilən ikinci görüşün qonağı isə Azərbaycan Respublikası Mili Məclisinin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev olub.

{phocagallery view=category|categoryid=417|limitstart=0|limitcount=0}