Mingəçevir Dövlət Universitetinin müəllimləri beynəlxalq akademik mübadilə çərçivəsində Türkiyə və Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrində akademik mobillik proqramında iştirak ediblər. 2026-cı ilin 16 fevral – 2 mart tarixlərini əhatə edən iki həftəlik səfər müddətində universitetin İqtisadiyyat kafedrasının müəllimləri xarici universitetlərdə akademik təcrübə mübadiləsi aparıblar və yeni tədris mühitləri ilə yaxından tanış olublar.
“Orhun Mübadilə Proqramı” çərçivəsində İqtisadiyyat kafedrasının müəllimləri Tükəzban Qasımova Türkiyə Respublikasının Eskişehir şəhərində yerləşən Anadolu Universitetində, Fəhmi Babayev isə Özbəkistan Respublikasının Daşkənd şəhərində fəaliyyət göstərən Daşkənd Dövlət Şərqşünaslıq Universitetində akademik fəaliyyətlərlə tanış olub, universitetlərin professor-müəllim heyəti ilə görüşlər keçirib və müvafiq dərslərə qatılıblar.
Səfər çərçivəsində müəllimlər qəbul edən universitetlərin tədris və elmi-tədqiqat mühiti ilə yaxından tanış olub, qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda müxtəlif fakültə və struktur bölmələri ilə keçirilən görüşlər zamanı akademik əlaqələrin inkişaf etdirilməsi və gələcək birgə təşəbbüslərin reallaşdırılması məsələləri müzakirə olunub.
Beynəlxalq akademik mobillik təşəbbüsləri ali təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi, elmi və pedaqoji təcrübə mübadiləsinin təşviqi, eləcə də universitetlərin qlobal akademik mühitə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Mingəçevir Dövlət Universiteti bu istiqamətdə ardıcıl fəaliyyət göstərərək akademik heyətin beynəlxalq proqramlarda iştirakını təşviq edir və universitetlərarası tərəfdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verir.
Qeyd edək ki, sözügedən səfər türk dövlətlərinin ali təhsil müəssisələri arasında həyata keçirilən akademik mübadilə təşəbbüsü çərçivəsində baş tutub və Mingəçevir Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi fəaliyyətlərin genişlənməsinə töhfə verir.