2026-cı il mayın 14-də Milli Azərbaycan Tarix Muzeyində 18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər və təhsil inteqrasiyasında mədəniyyət” adlı elmi konfrans keçirilib.
Konfransın açılışında Milli Azərbaycan Tarix Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cəbbarov və Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekan müavini, dosent Aygün Qədirova çıxış ediblər.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələri fəal iştirak ediblər. Universitetin Humanitar fənlər kafedrasının baş müəllimləri Vüsalə Mövlayeva və Səadət Ağakişiyeva, həmçinin magistrant İlahə İbrahimova müxtəlif mövzularda məruzələrlə çıxış edərək muzey pedaqogikası, ədəbi irsin qorunması və universitet-muzey əməkdaşlığının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Konfrans çərçivəsində iştirakçılar üçün Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya təşkil olunub, daha sonra Bakı şəhərinin tarixi abidələri ilə tanışlıq həyata keçirilib.
Tədbir tələbələrin tarixi-mədəni irsə marağının artırılması, milli-mənəvi dəyərlərin təbliği və akademik biliklərin praktiki mühitdə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edib.