Mingəçevir Dövlət Universitetində “Şəffaf idarəetmə və antikorrupsiya mexanizmləri” mövzusunda seminar keçirilib

  • Post category:MDU xəbərləri

2026-cı ilin 6 mart tarixində Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “Şəffaf idarəetmə və antikorrupsiya mexanizmləri” mövzusunda seminar keçirilib. Seminarın məqsədi tələbələrə şəffaf idarəetmə prinsipləri, korrupsiyaya qarşı mübarizə mexanizmləri və ictimai nəzarətin əhəmiyyəti barədə məlumat vermək, bu istiqamətdə hüquqi və institusional yanaşmaların müzakirəsini təmin etmək olub.

Seminarda Mingəçevir Dövlət Universitetinin hüquqşünası Polad Atayev və Humanitar fənlər kafedrasının müəllimi Şəfa Quliyeva dəvət olunmuş qonaq qismində iştirak ediblər.

Tədbirdə çıxış edən Polad Atayev dövlət idarəçiliyində şəffaflığın təmin olunmasının hüquqi əsasları, korrupsiyaya qarşı mübarizə mexanizmləri və hüquqi məsuliyyət məsələləri barədə geniş məlumat verib. O, şəffaf idarəetmənin ictimai etimadın formalaşmasında və idarəetmə sisteminin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Şəfa Quliyeva isə çıxışında korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin rolu, etik davranış prinsipləri və təşkilati fəaliyyətlərdə şəffaflığın təmin edilməsinin əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, bu istiqamətdə maarifləndirmə tədbirləri tələbələrin hüquqi biliklərinin və vətəndaş məsuliyyətinin artırılmasına xidmət edir.

Seminar çərçivəsində tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və korrupsiyaya qarşı mübarizədə hüquqi və institusional mexanizmlərin tətbiqi ilə bağlı müxtəlif yanaşmalar müzakirə olunub.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən bu kimi maarifləndirici tədbirlər tələbələrdə hüquqi şüurun formalaşdırılması, şəffaf idarəetmə prinsiplərinin təşviqi və məsuliyyətli vətəndaşlıq dəyərlərinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.