Mingəçevir Dövlət Universitetində “Sosial dəstək və sahibkarlıq” mövzusunda innovativ hakaton keçirilib

2025-ci ilin 2 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin tələbələri arasında innovativ ideyaların inkişafına həsr olunmuş “Sosial dəstək və sahibkarlıq” mövzusunda Hakaton keçirilib. Pedaqogika və psixologiya kafedrasının Təhsildə sosial-psixoloji xidmət, Sosial iş və Məktəbəqədər təhsil ixtisasının tələbələri iştirak etmişlər. Layihə mentorları kafedranın əməkdaşları Gülnar Məmmədova, Ayşən İsmayılova və Gültəkin Knyazova olmuşlar.

Hakatonun keçirilməsində əsas məqsəd tələbələr arasında innovativ düşüncə tərzinin təşviq edilməsi, sosial və təhsil yönümlü problemlərə yaradıcı yanaşmaların formalaşdırılması, həmçinin gənclərin layihə hazırlama və təqdimat bacarıqlarının inkişaf etdirilməsi olmuşdur. 

Tədbir çərçivəsində iştirakçı tələbələr öz layihə ideyalarını və innovativ təşəbbüslərini təqdim etmiş, sosial problemlərin həllinə yönəlmiş müxtəlif konseptual yanaşmalar irəli sürmüşlər. Tələbələrin təqdimatları, layihələrin aktuallığı, innovativliyi, praktik əhəmiyyəti və təqdimat bacarıqlarını meyarları əsasında qiymətləndirilmişdir.

Tədbirin sonunda qeyd olunmuşdur ki, bu kimi təşəbbüslər tələbələrin yaradıcılıq potensialının üzə çıxarılmasına, sosial məsuliyyət hissinin gücləndirilməsinə və onların gələcək peşə fəaliyyətində innovativ yanaşmalar tətbiq etmələrinə mühüm töhfə verir.