Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları kafedrası və Təbiət elmləri kafedrasının birgə təşkilatçılığı ilə “Su qıtlığı şəraitində alternativ texnologiyalar və innovativ həllər” mövzusunda seminar keçirilib. Seminar BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində “Təmiz su və sanitariya” istiqamətinə uyğun olaraq təşkil olunub və su ehtiyatlarının qorunması, səmərəli idarə olunması, eləcə də əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsində innovativ yanaşmaların tətbiqi imkanlarının müzakirəsinə həsr edilib.
Tədbirdə universitetin akademik heyəti və tələbələr fəal iştirak ediblər. Seminar çərçivəsində çıxış edənlər sırasında İnformasiya Texnologiyaları kafedrasının müəllimləri Mahmudov Elgiz və Şükürova Leyla, həmçinin Təbiət elmləri kafedrasının müəllimi Bayramova Aysel yer alıblar. Məruzələrdə su qıtlığının qlobal çağırışları, ağıllı su idarəetmə sistemləri, rəqəmsal monitorinq texnologiyaları və alternativ su mənbələrinin istifadəsi kimi məsələlərə xüsusi diqqət yetirilib.
Seminar zamanı müəllimlər və tələbələr arasında mövzu ətrafında interaktiv müzakirələr aparılıb, müxtəlif innovativ ideyalar irəli sürülüb. Qeyd olunub ki, iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının azalması yeni texnoloji yanaşmaların tətbiqini zəruri edir və bu sahədə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Tədbirin əsas məqsədi su ehtiyatlarının tükənməsinin qarşısının alınması istiqamətində effektiv tədbirlərin və innovativ həllərin müəyyənləşdirilməsi, bu sahədə gənc tədqiqatçıların fəallığının artırılması, həmçinin irəli sürülən təşəbbüslərin gələcəkdə dövlət proqramlarına inteqrasiya olunmasına töhfə verməkdən ibarət olub. Seminar çərçivəsində səsləndirilən təkliflərin praktik tətbiqi perspektivləri də müzakirə edilib.
Sonda belə tədbirlərin davamlı keçirilməsinin universitetdə elmi mühitin inkişafına, tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, həmçinin ölkədə su təhlükəsizliyi ilə bağlı aktual problemlərin həllinə töhfə verəcəyi vurğulanıb.